Qazaxıstanda “Bek Air” aviaşirkətinin “Fokker-100” sərnişin təyyarəsi qəzaya uğrayıb. Novator.az bildirir ki, təyyarə dekabrın 27-si səhər Almatı şəhərinin hava limanından qalxan zaman yerə düşərək beton hasara və ikimərtəbəli boş tikiliyə çırpılıb.
Paytaxt Nur-Sultana uçmalı olan təyyarədə 93 sərnişin, 5 heyət üzvü varmış. Son məlumata görə, 12 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.
Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Qasım-Comərd Tokayevə göndərdiyi teleqramda insan tələfatından kədərləndiyini vurğulayıb: “Faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm”.
Dekabrın 28-i Qazaxıstanda matəm günü elan olunub.