Dekabrın 25-də Bakı Apellyasiya Məhkəməsində AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının şikayətinə baxılıb.
Orxan Baxışlı 2018-ci il mayın 6-dan həbsdədir. Həbsindən əvvəl – mayın 3-də o, 2005-ci ildə öldürülən jurnalist Elmar Hüseynovun Qurd qapısı qəbiristanlığındakı məzarı üstündə çıxış edib. Beynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş ziyarətdə gənc fəal Elmar Hüseynovun qətlində hakimiyyəti günahlandırıb. AXCP fəalları Orxan Baxışlının həbsini bu çıxışla bağlayırlar. Hüquq mühafizə orqanları isə gənc fəalın üstündən 6 qram heroin çıxdığını bəyan edib.
2018-ci il sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Baxışlını satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlamada təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.
2019-cu il iyunun 4-də Ali Məhkəmə ittihamı satış məqsədi olmadan narkotik maddənin qanunsuz əldə edilməsi, saxlanması, daşınması ilə əvəz edib və Orxan Baxışlının cəzası 3 illik həbsə endirilib.
Orxan Baxışlı Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, məntəqə tipli müəssisəyə köçürülməsini istəyir. Bununla bağlı Qaradağ Rayon Məhkəməsinə müraciəti təmin olunmadığından Orxan Baxışlı apellyasiya instansiyasına üz tutub.
“Turan”ın məlumatına görə, dekabrın 25-də şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə baxılıb. Şikayət təmin edilməyib, Qaradağ məhkəməsinin qərarı qüvvədə saxlanıb.
Qaradağ məhkəməsi Orxan Baxışlının məntəqə tipli müəssisəyə köçürülməsinə razılıq verməməsini 14 saylı Cəzaçəkmə Müəssisəsi rəhbərliyinin rəyi ilə əsaslandırıb. Həmin rəydə deyilir ki, Orxan Baxışlı səmimi deyil, tərs və təkəbbürlüdür.
Bakı Ağır Cinayətlər Məhkəməsi Orxan Baxışlını azadlıqdan məhrum edəndə onun üzərinə narkotiklə bağlı keçirilmiş ekspertizanın xərcini ödəmək öhdəliyi də qoyub. 14 saylı Cəzaçəkmə Müəssisəsindən Qaradağ məhkəməsinə verilən rəydə cəbhəçi fəalın o xərci ödəməməsi, narkotik ittihamını qəbul etməməsi, özünü təqsirli bilməməsi onu xarakterizə edən mənfi hallar kimi qeyd edilib.
Rəydə həmçinin bildirilib ki, Orxan Baxışlı cəzaçəkmə müəssisəsində keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmir, fərdi tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır və hələ islah yoluna qədəm qoymayıb.