Prezident İlham Əliyev dekabrın 24-də Bakıda Ağ Şəhərin Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, Park Kvartalı ilə tanış olub.
AZƏRTAC-ın arayışına görə, təməli 2011-ci il dekabrın 24-də qoyulan Ağ Şəhər layihəsinin baş planında nəzərdə tutulan şəhər tipli 10 universal kvartalın bir neçəsi istifadəyə verilib. Hazırda Park Kvartalında abadlıq və infrastruktur-kommunikasiya işləri yekunlaşıb. Kvartal yaşayış binaları, məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası, yeraltı avtodayanacaqlar və böyük park kompleksindən ibarətdir.
Ağ Şəhərdə tikinti-quruculuq işləri çərçivəsində eni 37 metr, uzunluğu 2 kilometrə çatan Mərkəzi Bulvar küçəsinin Nobel prospektinə birləşməsi istiqamətində işlər görülüb.
Məlumata əsasən, bir neçə ildir Mərkəzi Bulvar küçəsinin Xəqani Rüstəmov küçəsindəki dairəyə birləşən hissəsi istismara verilib. Küçəni Paris evləri, quraşdırılmış heykəllər və dekorativ zeytun ağacları əhatə edir. Fəvvarələr Meydanı və Mərkəzi Park kvartallarını ayıran Mərkəzi Park küçəsi Ağ Şəhərin iki kilometrlik maneəsiz gəzinti zolağı ilə kəsişir və burada hündür piyada keçidləri salınır.
Mərkəzi Bulvar küçəsi ilə Nobel prospektinin kəsişməsində avtomobillərin, piyadaların və velosipedçilərin təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi yolayrıcı layihəsi işlənərək həyata keçirilib.
Növbəti mərhələdə Mərkəzi Bulvar küçəsinin Nobel prospekti ilə kəsişməsinin işıqforla tənzimlənməsi, Bulvar yoluna birləşməsi və avtomobillərin bu küçə ilə birbaşa Sahilyanı kvartala və Ağ Şəhər Bulvarına hərəkəti planlaşdırılır.