Prezident İlham Əliyev dekabrın 23-də bir qrup yerli telejurnalistə müsahibə verib. AZƏRTAC-ın məlumatına görə, Avropa İttifaqı ilə əlaqələrə toxunan dövlət başçısı bir neçə ildir yeni saziş üzərində iş aparıldığını xatırladıb: “Sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Qalan məsələlər xoşniyyətli ab-hava çərçivəsində öz həllini tapmalıdır.
Bəzi hallarda mətbuatda sazişlə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirilir. O cümlədən bir fikir ondan ibarətdir ki, biz Avropa İttifaqına uyğun olan hansısa meyarlara cavab vermirik. Bu, tamamilə əsassız bir fərziyyədir, belə məsələ gündəlikdə yoxdur.
Sazişin bu günə qədər imzalanmamasının səbəbkarı bizik. Bir neçə məsələ hələ ki, müzakirə mövzusudur. Biz təklif olunan məsələlərə öz razılığımızı verməmişik və bunun səbəbi var. Onlardan biri ticarətlə bağlıdır. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda artıq başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil.
Digər tərəfdən bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq.
İmzalanacaq sazişdə ticarətlə bağlı məsələlər bizi qane etmir və biz qarşı tərəfə öz fikirlərimizi bildirmişik. Ümid edirik ki, onlar buna anlayışla münasibət göstərəcəklər.
Sazişdə təklif olunan məsələlərin biri də enerji daşıyıcılarının qiymətləri ilə bağlıdır. Belə bir bənd təklif olunur ki, Azərbaycanda təbii qazın daxili qiyməti ixrac qiyməti ilə bərabərlik təşkil etsin. Azərbaycan istehlakçılarının təxminən 85 faizi təbii qazı çox ucuz qiymətə, yəni dövlətin subsidiyası əsasında alır, qiymət də min kubmetr üçün 100 manatdır. İxrac qiyməti isə bundan bir neçə dəfə böyükdür. Əgər biz öz təbii qazımızı daxili qiymətlərlə satsaq, iqtisadiyyatımıza çox böyük ziyan dəyəcək. Çünki belə olan halda ixrac qiyməti 58 dollar olmalıdır. Bu gün isə dünya bazarlarında, o cümlədən Avropa bazarlarında daxili qiymət, yəni istehlakçıların ödədiyi qiymət təqribən 300, 400, 500 dollara bərabərdir. Bu, təqribən 1000 manata gəlib çıxacaq. Belə olan halda biz daxili qiymətləri ən azı on dəfə qaldırmalıyıq. Azərbaycan vətəndaşları təbii qaz üçün 100 manat yox, 500 manat, ya da 700 manat ödəməli olacaqlar, bu, qətiyyən mümkün deyil.
Ya da biz böyük çətinliklə və böyük səylər göstərərək, böyük investisiyalar qoyaraq Cənub Qaz Dəhlizini demək olar ki, başa çatdıraraq xarici bazarlara öz qazımızı 58 dollara çıxarmalıyıq. Bu, qətiyyən qəbuledilməzdir və təəccüb edirəm ki, nə üçün bizim tərəfdaşlarımız, bu sadə məntiqlə, bu hesablamalarla razılaşa bilmirlər. Ona görə bu iki əsas məsələ razılaşdırılmamış qalır və bizim mövqeyimiz birmənalıdır”.
İlham Əliyev qeyd edib ki, Avropa İttifaqının genişlənməsi perspektivi yoxdur: “Hətta namizəd olan ölkələr – Balkan ölkələri indi bir qədər çətin vəziyyətdədir. Vaxtilə onlara vəd verilmişdi ki, siz bu məsələləri həll etməklə Avropa İttifaqına üzv ola bilərsiniz və onlar da bu addımları atıblar. Bəziləri çox ağrılı addımlar atmalı oldular. Bu, ölkələrdə daxili qarşıdurmaya, böyük etirazlara gətirib çıxardı. O ölkələrin cəmiyyətləri parçalandı. Nəyə görə onlar bu addımı atdılar? Onlara söz verildi ki, sizin gələcəyiniz var, siz bunu, bunu, bunu etsəniz biz sizi qəbul edəcəyik. Amma indi Avropanın aparıcı ölkələrinin liderləri deyirlər ki, artıq heç kimi qəbul etməyəcəyik. Hesab edirəm ki, hətta uzunmüddətli perspektivdə Avropa ölkələri üçün belə imkan yoxdur.
Digər misal bizim qardaş Türkiyə ilə bağlıdır. Görün nə vaxtdan Türkiyə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayıb? Bəlkə də onilliklər bundan əvvəl. Amma ondan sonrakı addımlar nəticə veribmi? Yox və bu da böyük ədalətsizlikdir. 2000-ci ildən başlayaraq Avropa İttifaqına keçmiş sosialist bloka aid bir çox ölkə daxil oldu. İndi onlar Türkiyədən daha inkişaf etmiş ölkələrdir? Yox. Avropa İttifaqına üzv olmaq üçün daha hazırlıqlıdırlar? Yox. Nə üçün onları qəbul ediblər, Türkiyəni qəbul etməyiblər? Sual aydındır, ritorikdir. Bir amilə görə, o da ondan ibarətdir ki, Türkiyə müsəlman ölkəsidir. Artıq bunu açıq deyirlər. Əvvəllər bu əsas tezisi pərdələmək üçün bəzi başqa fikirlər, müxtəlif bəhanələr gətirilirdi ki, bu ölkə hazır deyil və yaxud da hansısa proseslər baş verib. Ancaq indi bunu gizlətmirlər və müsəlman ölkəsi olduğu üçün Türkiyəni Avropa İttifaqına qəbul etmirlər. Belə olan halda Azərbaycanı qəbul edəcəklərmi? Əlbəttə ki, yox. Əgər belədirsə, onda biz öz işimizi bəri başdan elə tutmalıyıq ki, reallaşdırıla bilməyən vədləri verməyək və lazım olmayan addımları da atmayaq”.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavbalandıran prezident deyib ki, 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il olub: “Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir və beynəlxalq vasitəçilər işğalçı ölkəyə lazımi təsir və təzyiq göstərmirlər. Məhz buna görə 2019-cu ildə danışıqlar trekində hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb.
Eyni zamanda Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları həm təəccüb, həm də təəssüf doğurur. Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır, Dağlıq Qarabağ “müstəqil dövlətdir” və Ermənistan bu dırnaqarası müstəqil dövlətin işlərinə qarışa bilmir. Bunların hamısı cəfəng fikirlərdir. Çünki bu gün Dağlıq Qarabağda yerləşən hərbi birləşmənin 90 faizi Ermənistan vətəndaşlarından təşkil edilir. Hər il Ermənistan büdcəsindən Dağlıq Qarabağ büdcəsinə böyük vəsait transfert edilir. Ona görə buna müstəqil dövlət demək tam yalandır. Sadəcə olaraq danışıqları uzatmaq, yaxud da öz məsuliyyətini boynundan atmaq üçün belə ifadələr işlədilir.
Biz qətiyyən bu ifadələrlə razı ola bilmərik. Öz fikirlərimizi bildirmişik və eyni zamanda Minsk qrupunun həmsədr ölkələrinin səfirləri də oxşar bəyanatlar veriblər. Danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı.
Azərbaycan dırnaqarası Dağlıq Qarabağ respublikası ilə danışıqlar aparmalıdır fikri baş tutmayandan sonra növbəti bir cəfəng tezis ortalığa atıldı, Ermənistanın baş naziri dedi ki, Qarabağ Ermənistandır və nöqtə. Yəni bu, əvvəlki tezisi tam təkzib edir və bu, növbəti yalandır.
Birinci dəfə də, ikinci dəfə də yalan söylənildi. Amma həqiqət ondan ibarətdir ki, – mən bunu canlı efirdə demişəm, – Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bizim danışıqlar prosesində mövqeyimizdə heç bir dəyişiklik yoxdur, ola da bilməz.
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və biz müstəqil ölkə kimi BMT-yə daxil olanda artıq Azərbaycanın ərazi bütövlüyü qəbul edilib, dəstəklənib və təsdiq edilib. Ona görə həm tarixi ədalət və həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və münaqişənin həlli məhz bu prinsiplər əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
O ki qaldı xalqların öz müqəddəratını təyinetmə prinsipinə, bu prinsip bu münaqişə ilə bağlı işləmir. Çünki erməni xalqı öz müqəddəratını artıq müəyyən edib. Onların müstəqil Ermənistan dövləti var, hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik.
Bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır”.
Kadr və struktur islahatları barədə danışan İlham Əliyev məsuliyyəti dərk etməyən kadrlara qarşı ciddi tədbirlər görüldüyünü vurğulayıb: “Son müddət ərzində mənim bəzi daxili görüşlərim ictimailəşdirildi və hesab edirəm ki, buna ehtiyac var. Bu, ictimaiyyətə verilən bir növ hesabatdır, siyasətimizin əsas istiqamətlərinin dəqiqləşdirilməsidir. Eyni zamanda kadrlar qarşısında qoyulan vəzifələrdir ki, ictimaiyyət də bunu bilsin. Misal üçün, hansısa rayona icra başçısı təyin olunanda ona dediyim sözlər, verdiyim tövsiyələri, təbii ki, rayon ictimaiyyəti də qəbul edir. Onlar artıq o adamdan bu meyarlara uyğun olmasını tələb edirlər və tələb etməlidirlər.
Mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər. O cümlədən vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil. Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər.
İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar. Bu, dövlətə, dövlət siyasətinə edilən xəyanətdir.
Eyni zamanda elə dəhşətli faktlar aşkarlanır ki, adam vallah heç bilmir nə fikirləşsin. Manatın məzənnəsi aşağı düşəndən sonra bizdə işsizlik meylləri artdı. Bəzi adamlar işsiz qaldılar. Nə üçün? Çünki vaxtilə dövlət xətti ilə icra edilən layihələrə cəlb olunurdular. İnvestisiyalar kəskin aşağı düşdü. Biz investisiyaları ixtisar etdik. O layihələr də artıq icra edilmədi, insanlar qaldı küçələrdə. Biz nə etdik? Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara heç olmasa minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işləri ilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bu maaşı da onlar qıymadılar o kasıb adamlara. O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun. Dövlət məmuru olmaq istəyirsənsə, vicdanla xidmət et dövlətə. Yox, dövlət vəzifəsinə gəlir mənbəyi kimi baxırsansa, heç getmə o vəzifəyə. Çünki bədbəxt olarsan. Bunu anlamayanlar anlamalıdırlar ki, yeni dövrdə, yeni çağırışlar qarşısında olan ölkədə başqa cür ola da bilməz. Biz ölkəmizdəki vəziyyəti daha da sağlamlaşdırmalıyıq və xoşagəlməz hallara qarşı mübarizə bundan sonra da aparılacaq”.