Respublikaçı Alternativ Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli prezident İlham Əliyevin Dünya Ticarət Təşkilatına (DTT) üzvlüklə bağlı fikirlərinə münasibət bildirib.
Dövlət başçısı dekabrın 23-də bir qrup yerli telejurnalistə müsahibəsindəAvropa İttifaqı ilə yeni sazişin yubanmasının həmçinin ticarət məsələsində fikir ayrılığından irəli gəldiyini deyib: “Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü deyil. Biz bir neçə ölkə ilə müzakirələri ikitərəfli formatda başa vurmuşuq, ancaq mən hesab edirəm ki, hələ vaxt gəlib çatmayıb. Bizim ixracımızın əsas hissəsi hələ ki, neft-qaz məhsullarıdır və bu məhsulları ixrac etmək üçün Dünya Ticarət Təşkilatına üzv olmaq lazım deyil.
Digər tərəfdən bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır, yerli istehsalın artımıdır və belə olan halda biz daxili bazarımızı da qorumalıyıq. Əgər biz indi Dünya Ticarət Təşkilatına üzv olsaq, bizim istehsalçılar sənaye sektorunda, kənd təsərrüfatı sektorunda böyük problemlərlə üzləşə bilərlər. Ola bilsin ki, Azərbaycana keyfiyyətsiz və bizim bazarımızı zəbt etmək məqsədi daşıyan böyük həcmdə idxal məhsulları gələcək və beləliklə, yerli istehsala böyük ziyan vurulacaq”.
Novator.az-ın məlumatına görə, Natiq Cəfərli özünün “Facebook” səhifəsində yazır ki, Azərbaycanda sənaye istehsalı çox aşağıdır: “DTT-yə üzvlük sənaye və aqrar sektora ziyan vurardısa, 28 ildir (müstəqillikdən bəri) üzv deyilik, bəs niyə sənayedə, aqrar sektorda ciddi uğur qazana bilməmişik? Dünyanın əksər ölkələri DTT-nin üzvüdür, bəs nədən onların bir çoxu həm sənayesini, həm aqrar sektorunu inkişaf etdirə bilib?
DTT-yə üzvlük aqrar sektora subsidiyaları qadağan etmir, üzv olaraq dotasiyaları davam etdirmək mümkündür.
Azərbaycanın İrandan başqa bütün qonşuları DTT-nin üzvüdür, bəyəm həmin ölkələr keyfiyyətsiz məhsullarla dolub? Tam tərsinə, bizim camaat Gürcüstana, Türkiyəyə, Rusiyaya gedəndə keyfiyyətli ərzaq, dərman, pal-paltar alıb gətirir. Həm də hər bir ölkənin bazara nəzarət mexanizmləri var, bu işi keyfiyyətli görməlisən ki, bazara zay məhsul daxil olmasın.
DTT-nin keyfiyyətə nəzarət mexanizmləri var, sertifikatlaşma sistemi var, ona görə də quruma üzvlük keyfiyyətsiz malların qarşısını alan mexanizmlərdən ibarətdir. DTT rəqabəti artırır, hansı şirkət keyfiyyətsiz mal satsa, rəqibləri onu sıradan çıxardacaq, bazardan silib atacaq”.
Natiq Cəfərli əlavə edir ki, Azərbaycanda DTT-yə üzvlüyə qarşı olan ciddi lobbi qruplar var: “Böyük idxalçı şirkətlər və onların arxasında duran iri məmurlar DTT-yə üzvlüyə qarşıdırlar, çünki bizneslərinə böyük zərbə olacaq. Əhali üçün isə DTT-yə üzvlük çox sərfəlidir – malların çeşidi, keyfiyyəti artacaq, rəqabət yüksələcək, nəticədə qiymətlər düşəcək.
DTT-yə üzvlük biznesə də sərf etməlidir – onlar, nəhayət, rəqabətli mühitdə çalışmağı indidən öyrənməli, dünyaya çıxmağı bacarmalıdırlar, çünki gec-tez mütləq DTT-yə üzv olacağıq, hazırlıqsız yaxalanan biznes məhz onda çökəcək”.
Dünya Ticarət Təşkilatının əsası 1947-ci ildə Tariflər və Ticarət üzrə Baş Sazişlə qoyulub. 1995-ci il yanvarın 1-dən beynəlxalq təşkilat sayılan DTT-nin hazırda 160-dan çox üzvü var. Təşkilatın baş ofisi Cenevrədə yerləşir.