Mərkəzi Seçki Komissiyası dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb. Hesabata görə, 118 dairənin 5049 məntəqəsini əhatə edən seçkilərdə 1606 bələdiyyədə 15156 yer uğrunda 42 minə yaxın namizəd mübarizə aparıb. Marafona səsvermə hüququ olan 4 milyon 972 min 356 nəfərin 32,72 faizi qatılıb.
Qanuna görə, əhalisi 500-dən az ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək ərazilərdə 9 bələdiyyə üzvü; 9999-dək ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək ərazilərdə 19 bələdiyyə üzvü olur.
Seçkilərə Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası, Respublikaçılar Partiyası təmsilçiləri, həmçinin partiyasız şəxslər qoşulublar.
Mərkəzi Seçki Komissiyası ən geci 25 gün müddətində bələdiyyə seçkilərinin yekunlarını elan etməlidir.
23 dekabr seçkiləri ölkədə bələdiyyə institutu yaradılandan bəri beşinci seçkilər olub. Əvvəlki seçkilər 12 dekabr 1999-cu ilə, 17 dekabr 2004-cü ilə, 23 dekabr 2009-cu ilə, 23 dekabr 2014-cü ilə düşüb.