Mərkəzi Seçki Komissiyasının saat 15-ə olan hesabatına görə, 23 dekabr bələdiyyə seçkilərində 1 milyon 336 min 733 seçici səs verib. Seçici fəallığının 26,88 faiz olduğu bildirilir.
118 dairəni, 5049 məntəqəni əhatə edən seçkilərdə 1606 bələdiyyəyə 15156 nəfər seçilməlidir. 4 milyon 972 min 356 nəfərin səsvermə hüququ var.
Seçkilərə Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası, Respublikaçılar Partiyasının təmsilçiləri, həmçinin partiyasız şəxslər qoşulublar.
Seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab ediləcək.
Mərkəzi Seçki Komissiyası ən geci 25 gün müddətində bələdiyyə seçkilərinin yekunlarını elan etməlidir.