Dekabrın 23-ü Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. 118 dairəni, 5049 məntəqəni əhatə edən seçkilərdə 1606 bələdiyyəyə 15156 nəfər seçilməlidir. 4 milyon 972 min 356 nəfərin səsvermə hüququ var.
Qanuna görə, əhalisi 500-dən az olan ərazilərdə 5 bələdiyyə üzvü; 999-dək olan ərazilərdə 7 bələdiyyə üzvü; 4999-dək olan ərazilərdə 9 bələdiyyə üzvü; 9999-dək olan ərazilərdə 11 bələdiyyə üzvü; 19999-dək olan ərazilərdə 13 bələdiyyə üzvü; 49999-dək olan ərazilərdə 15 bələdiyyə üzvü; 99999-dək olan ərazilərdə 17 bələdiyyə üzvü; 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.
Seçkilərə Yeni Azərbaycan Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Ümid Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası, Respublikaçılar Partiyası təmsilçiləri, həmçinin partiyasız şəxslər qoşulublar.
Bələdiyyə seçkilərini izləmək üçün 52 min 636 nəfər yerli, 17 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Seçicilərin ən çox səsini toplayan namizədlər bələdiyyə üzvlərinin sayına bərabər olaraq müvafiq bələdiyyəyə üzv seçilmiş hesab ediləcək.
Mərkəzi Seçki Komissiyası ən geci 25 gün müddətində bələdiyyə seçkilərinin yekunlarını elan etməlidir.
23 dekabr seçkiləri ölkədə bələdiyyə institutu yaradılandan bəri beşinci seçkilərdir. Əvvəlki seçkilər 12 dekabr 1999-cu ilə, 17 dekabr 2004-cü ilə, 23 dekabr 2009-cu ilə, 23 dekabr 2014-cü ilə düşüb.