“İcbari sığortalar haqqında” qanuna görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənməsi üçün tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Novator.az bildirir ki, daşınmaz əmlakın bu hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində baş verən qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; yerüstü nəqliyyat vasitəsinin dəyməsi; təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; üçüncü şəxslərin hərəkətləri.
Daşınmaz əmlak üzrə sığorta məbləği Bakı şəhərində 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 min manat, digər yaşayış məntəqələrində 15 min manatdır.
İllik icbari sığorta haqqı Bakıda 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə 30 manat müəyyənləşdirilib.
Sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Özünün “Facebook” səhifəsində şərh yayan iqtisadçı Samir Əliyev qeyd edir ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq olunmur: “Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. Bu baxımdan icbari sığorta Azərbaycan vətəndaşlarının konstitusiya ilə verilmiş mülkiyyət hüququna ziddir. Konstitusiyanın 29-cu maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Nəyə görə dövlət mülkiyyətçinin əvəzindən qərar verib onu sığortaya məcbur etməlidir? Mənzilin icbari sığortası mülkiyyətçinin öz zərərini minimuma endirməsi üçündür. Bunun məcburi edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır.
Bu yöndə cərimə mexanizminin işləməsi isə şübhə doğurur. Çünki cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur. Kommunal xidmət ödənməyəndə onun verilməsi dayandırılır, dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır, avtomobil sığortalanmayanda sürücü maşınını itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Mülkiyyətçinin mənzili əlindən alınacaq?
Məncə, yaşayış evlərinin könüllü sığortalanması mexanizminə keçilməlidir. Əks halda icbari sığorta işləməyəcək və müəyyən qədər sosial gərginlik yaradacaq”.