Bakıda “Azərbaycanda biznesin tədrisi: mövcud vəziyyət və inkişaf yolları” konfransı keçirilib. Tədbiri açan Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov deyib ki, məqsəd biznesin tədrisi sahəsində problemləri üzə çıxarmaq və onların həlli yollarının müzakirəsidir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, başçılıq etdiyi qurum sahibkarların bilik və bacarıqlarının artırılması üçün tədbirlər görür: “Agentliyin strukturuna daxil olan biznesin inkişaf mərkəzləri yaradılır və belə mərkəzlərdən ilki yaxınlarda Xaçmazda açılacaq”.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının direktoru Jaidev Sinqh bildirib ki, Azərbaycanın üç ali təhsil ocağı ilə biznesin tədrisi yönündə anlaşma memorandumları imzalanıb: “Bu memorandumlar əsasında bir neçə forum keçirilib, Nyu-Yorka səfər təşkil edilib. Missiya Azərbaycanda ən yaxşı texnologiyaların tətbiqində də səylərini əsirgəmir”.
Direktorun dediyinə görə, regionlarda insanlarla təmaslarda əmin olub ki, Azərbaycanda yüksək təhsilli çox mütəxəssis var. “Biz bu potensialdan istifadə edib Azərbaycanı regional qovşağa necə çevirməyi düşünməliyik. Buna görə də təhsil ən yaxşı təcrübələrə əsaslanmalıdır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov biznesin tədrisi sahəsində təhsil ocağının gördüyü işlərdən və bu istiqamətdə beynəlxalq əməkdaşlıqdan danışıb.
Konfransda ilk panel Azərbaycanda biznes təhsili ilə bağlı vəziyyətə həsr olunub. Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev çatışmazlıqlardan danışıb: “Milli peşə tələbləri müəyyən olunmur, tədris praktika ilə uzlaşmır. Biznes işçiyə investisiya qoymaq əvəzinə bazarda hazır mütəxəssis axtarır. Təhsil proqramları bazarın tələblərinə çevik reaksiya verə bilmir, yeni yaranan peşələr üzrə kadr hazırlanmır. Bazarın tanıdığı milli sertifikasiyalar yoxdur”.
Kiçik və Orta Biznesin İnkişafına Yardım Mərkəzinin direktoru İlkin Qarayev Bakının 18 məktəbində oxuyan 10-11-ci sinif şagirdləri arasında sorğunun nəticələrini təqdim edib. Nəticələrə əsasən, sorğuya qatılan 223 qızın 133-ü məktəbi bitirdikdən sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq niyyətindədir: “Lakin sorğu anketinin digər sualına cavabdan bəlli olur ki, həmin respondentlərin biznesin əsasları barədə məlumatları yetərincə deyil və məktəb proqramları bu sahəyə lazımi diqqət yetirmir”.
Məruzəçi deyib ki, təhsil davamlı, tələbata yönəlmiş, müxtəlif formalarda təzahür edən və ölkənin strateji məqsədlərinə xidmət edən olmalıdır: “Dövlət, ali məktəblər, elmi-tədris müəssisələri, texnoloji parklar, biznes qurumları və ictimai birliklərin qarşılıqlı əməkdaşlığı zəruridir. Təhsilin transformasiyası iqtisadi inkişaf üçün əsas zəmindir”.
İkinci panel “Azərbaycanda biznesin tədrisi üzrə qadın sahibkarlar üçün proqramlar və beynəlxalq təcrübə” mövzusunda keçirilib. Azərbaycan Mikromaliyyə Assosiasiyasının proqram rəhbəri Mehriban Yusifova deyib ki, dayanıqlı biznesə sahib olmaq, yaxud dayanıqlı biznesdə karyera inkişafına nail olmaq üçün bilik və bacarıqların əldə edilməsi vacibdir.
Mehriban Yusifova “Öz biznesinə başla və təkmilləşdir” təliminin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, bu təlim yeni başlayan sahibkarlara təlim keçirilməsi üçün ən yaxşı uyğunlaşdırılmış alətdir: “Azərbaycanın müxtəlif regionlarında keçirilmiş bu təlimlərdən sonra yeni başladılmış və ya daha da inkişaf etdirilmiş bizneslər barədə uğur hekayələri digər sahibkarları da həvəsləndirir”.
Xəzər Universitetinin professoru Fuat Rəsulov bildirib ki, Azərbaycanda məşğulluğun təmin olunmasında problem var: “Bu, bazarın tələb olunmamış miqdarda kadr hazırlığı və kadrların peşə hazırlığı səviyyəsi ilə işəgötürənlərin tələbləri arasındakı uyğunsuzluqla da əlaqəlidir. Rusiyada yuxarı kurs tələbələrinə müxtəlif müəssisələrdə imtahan vermək təklif edilib. 345 iştirakçıdan 102-si nəzəri hissədən, 19-u praktik hissədən keçə bilib. Bizdə də belə sınaq imtahanı keçirmək olar.
Əmək bazarı daim dəyişir və 5 il əvvəl tələb olunan peşələr bu gün lazımsız və ya az ödənişli ola bilər. Azərbaycanda universitet məzunlarının 50 faizindən çoxu öz ixtisası üzrə iş tapa bilmir. Qloballaşma prosesləri əmək bazarına da təsir göstərib, indi bütün dünyanı nəzərə almaqla peşə seçməliyik”
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Toğrul Türkiyənin kiçik və orta biznesə dəstək təcrübəsindən danışaraq qeyd edib ki, bu ölkədə yeni iş qurmaq istəyən və qurduğu işi böyütmək niyyətində olan sahibkarlara yardım üçün müxtəlif istiqamətli yardım proqramları həyata keçirilir: “Məqsəd debütantların biznesin qurulması və idarə olunması sahəsində bilik və bacarıqlarını artırmaq, uğurlu biznes planlarını və biznes modellərini mükafatlandırmaqdır. Bu proqram çərçivəsində bütün dəstəklər, o cümlədən maddi dəstək əvəzsiz verilir”.
Biznesin tədrisi üzrə təlimçi Azad Rəhimov konfransda “Biznesin tədrisi təlimləri. Azərbaycan və Ukrayna təcrübəsi” mövzusunda təqdimat edib.
Bəkir Nərimanoğlu