“Azadlıq” qəzetinin 30 yaşı tamam olur.
Novator.az bildirir ki, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qəzeti kimi yaradılan “Azadlıq”ın ilk sayı həmin il dekabrın 24-də işıq üzü görüb.
Qəzetin ilk redaktoru Nəcəf Nəcəfovdur (1999-cu ildə vəfat edib).
Nəcəf Nəcəfov 1955-ci ildə doğulub. Jurnalist fəaliyyətinə “İnşaatçı” qəzetində başlayıb, “Vışka” qəzetinin şöbə müdiri, “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olub.
1989-cu ildə yaradılan Azərbaycan Xalq Cəbhəsinin qurucularından olan Nəcəf Nəcəfov həmin il “Azadlıq” qəzetinin redaktoru postuna gətirilib.
1990-cı ildə qəzetə bir müddət Ağamalı Sadiq Əfəndi (1995-ci ildə vəfat edib) və Səfər Alışarlı redaktorluq ediblər, sonra Nəcəf Nəcəfov redaktor vəzifəsinə qayıdıb.
1991-ci ildən qəzetə Qənimət Zahid, 1994-cü ildən Gündüz Tahirli, 2001-ci ildən Rövşən Hacıbəyli rəhbərlik edib. 2003-cü ildə baş redaktor postu yenidən Qənimət Zahidə həvalə olunub.
Mərhum jurnalistlər Elmira Əmrahqızı, Elçin Səlcuq, Süleyman Osmanoğlu, Zöhrab Əmirxanlı, fotoreportyorlar Elxan Kərimov, Əjdər Nağıyev “Azadlıq”da çalışıblar.
Ədalət Tahirzadə, Xaliq Bahadır, İsrail Musayev, Azər Əhmədov, Tapdıq Fərhadoğlu, Əli Kərimli, Arif Əliyev, Bahəddin Həziyev, Muxtar İmanov, Rövşən Əliyev, Hikmət Sabiroğlu, Afaq Vasifqizi, Zeynal Məmmədli, Niyazi Mehdi, Surxay Hüseynli, Nailə Bağırova, Məqsəd Nur, Aydın Canıyev, Azər Qaraçənli, Babək Bəkir, Hüseynbala Səlimov, İlham Səfər, Nəsir Əhmədli, Lalə Cəfərova, Kənan Kazımoğlu, Azər Hüseynbala, Qorxmaz Əsgərov, Zamin Hacı, Elxan Şahinoğlu, Zöhrab İsmayıl, Qadir İbrahimli, Vüqar Bayramov, İbrahim Məmmədov, Ləman Əliəşrəfqızı, Böyükağa Ağayev, Hicran Həmidova, Faina Hənifəyeva, Aygün Muradxanlı, Zülfiyyə Əhmədli, Jalə Mütəllimova, Kəbiran Dilavərli, Şahnaz Bəylərqızı, Mahir Mehdi, Səadət Qabilqızı, Arzu Soltan, Zemfira Məmmədqızı, Sücəddin Şərifov, Seymur Həzi, Natiq Güləhmədoğlu, Fikrət Hüseynli və başqaları qəzetin əməkdaşı olublar.
“Azadlıq” qəzeti 1989-cu ildən həftədə bir dəfə, 1991-ci ildən iki dəfə, 1992-ci ildən üç dəfə, 1996-cı ildən gündəlik (həftədə 5-7 dəfə) çıxıb.
3 ildən çoxdur qəzet nəşrini dayandırıb.
2016-cı il avqustun 20-də qəzetin direktoru Faiq Əmirli tutulub. Bu həbsdən sonra “Azadlıq”ın bank əməliyyatı aparması mümkün olmayıb, qəzetin “Azərbaycan” nəşriyyatına borcu artıb, sentyabrın 5-də çapdan imtina edilib (Faiq Əmirli 2017-ci il sentyabrın 15-də azadlığa buraxılıb).
Əvvəlcə Beynəlxalq Bankın Səbail filialı qəzetin direktorunun səlahiyyətlərinin icrası üçün başqa şəxsin imza nümunəsinin notarial qaydada təsdiqini istəyib. İmza nümunəsi məsələsi həll ediləndən sonra bank baş redaktor Qənimət Zahidin baş redaktorun birinci müavini Rahim Hacıyevə verdiyi etibarnamənin yenilənməsi tələbini qoyub. 2011-ci ildən Fransada yaşayan Qənimət Zahid Rahim Hacıyevin adına yeni etibarnamə göndərsə də, redaksiyanın maliyyə əməliyyatları aparması, nəşriyyata vəsait ödəyib çapını bərpa etməsi mümkün olmayıb.
2017-ci il mayın 12-də isə Səbail Rayon Məhkəməsi qəzetin Azadliq.info saytına girişi məhdudlaşdıran qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə həmin qərarı qüvvədə saxlayıb. Sayt Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklanıb. Nazirlik məhkəməyə saytdakı yazılarda qanun pozuntusu olduğunu bəyan edən Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytın bloklanması haqda qərar qəbul edib, bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.
Qənimət Zahid Fransaya köçəndən sonra “Azadlıq” qəzetinə rəhbərlik edən baş redaktorun birinci müavini Rahim Hacıyev də 2017-ci ildə həmin ölkəyə sığınıb.
“Azadlıq” qəzetinin Bakıda, “Azərbaycan” nəşriyyatının 9-cu mərtəbəsində yerləşən ofisinin qapısı bağlıdır, icarə haqqı ödənmədiyi üçün əməkdaşlar redaksiyaya buraxılmır.