Dekabrın 20-də prezident İlham Əliyev Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.
Novator.az bildirir ki, Nizaməddin Quliyev 1954-cü ildə Goranboyun Tapqaraqoyunlu kəndində doğulub. İndiki Azərbaycan Dövlət Aqrar Universitetini, Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub, 2019-ci ilin aprelində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2014-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Nizaməddin Quliyev hazırda həbsdədir. O, icra başçısı vəzifəsindən çıxarılandan iki gün qabaq tutulub.
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin dekabrın 19-da yaydığı məlumata görə, kompleks araşdırmalarda toplanan materiallarla Nizaməddin Quliyevin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi üzə çıxıb: “Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına; fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına; səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və almasına; ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əməkhaqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.
Məlumata əsasən, Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
Açıqlamaya əsasən, Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanıblar, iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.