“Əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik”. Dekabrın 19-u pambıqçılıq mövsümünün yekunları və 2020-ci ilin planları ilə bağlı müşavirədə danışan prezident İlham Əliyev belə deyib. Dövlət başçısı deyib ki, 2019-cu ildə rekord göstərici əldə olunub: “294 min ton pambıq yığılıb və hər hektardan məhsuldarlıq orta hesabla 29,4 sentner təşkil edib. Bu onu göstərir ki, son illər ərzində atılmış bütün addımlar öz səmərəsini verir. Biz pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik”.
İlham Əliyev pambıqçılığın inkişafı fonunda sosial amilin diqqət mərkəzində saxlandığını vurğulayıb: “Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu rayonlarda 200 minə yaxın insan işlərə cəlb edildi. Pambıqçılığın bir neçə istiqaməti var və hər istiqamət üzrə minlərlə, on minlərlə yeni iş yerləri yaradıldı. Təsəvvür edin ki, 20 rayonda 200 minə yaxın iş yerinin yaradılması nə deməkdir. İndi bizim rayonların əhalisi orta hesabla təqribən 100-150 min, maksimum 200 min nəfərdir. Demək olar ki, hər rayonda orta hesabla 10 min insan ancaq pambıqçılıqla məşğul olur. Təbii ki, bu rayonlarda işsizliklə bağlı problemlər uğurla həll olunur”.
Prezident qeyd edib ki, 2019-cu ilin doqquz ayında pambıqçılıq Azərbaycana 111 milyon dollar gəlir gətirib: “111 milyon dollar dəyərində məhsul, o cümlədən 87 milyon dollarlıq mahlıc, 22,5 milyon dollarlıq pambıq ipliyi və 2 milyon dollarlıq pambıq yağı ixrac edilib. Eyni zamanda pambıqçılıq sənayesinin tullantılarından heyvan yemi kimi də istifadə olunur”.
İlham Əliyev əldə edilmiş nailiyyətlərlə kifayətlənməməyə çağırıb: “Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanlarının subsidiyalarla bağlı böyük pozuntuları vardı. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ümumiyyətlə o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər”.
Dövlət başçısı qeyd edib ki, ölkənin əsas valyuta gətirən sahəsi neft-qaz sektorudur: “Bu sektorun inkişafı daim diqqət mərkəzindədir və böyük uğurlar əldə edilib. Ancaq əsas vəzifəmiz qeyri-neft sənayesi və kənd təsərrüfatı hesabına iqtisadiyyatı şaxələndirməkdir. Bu il həm qeyri-neft sənayesi, həm də kənd təsərrüfatı əhəmiyyətli dərəcədə artıb. Qeyri-neft sənayesi 14, kənd təsərrüfatı isə 7 faizdən çox artıb. Əminəm ki, bu meyllər bundan sonra da davam etdiriləcək və kənd təsərrüfatını ən müasir standartlara uyğun şəkildə inkişaf etdirəcəyik”.