Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsi rəsmi məlumat yayıb. Qeyd olunur ki, kompleks araşdırmalarda toplanan materiallarla Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi üzə çıxıb: “Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına; fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən rüşvət tələb edərək almasına; səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və almasına; ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əməkhaqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.
Məlumata əsasən, Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb.
O da bildirilir ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Qoca Səmədovun vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran çoxsaylı qanun pozuntularına yol verməsi aşkarlanıb: “Dövlət qayğısı olaraq işsiz vətəndaşların ictimai işlərə cəlb edilib aylıq qazanc əldə edə bilmələri üçün dövlət büdcəsi hesabına ayrılan külli miqdarda əmək haqları ələ keçirilib, 236 min manat dövlət vəsaitinin mənimsənməsinə əsaslı şübhələr müəyyən edilib.
2017-2019-cu illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Yevlax şəhərində abadlıq, təmir-tikinti işlərini həyata keçirmək adı ilə müxtəlif şirkətlərin hesablarına köçürülmüş 616 min manat vəsait heç bir iş görülmədən Qoca Səmədovun tapşırığı ilə nağdlaşdırılaraq ona şəxsən qaytarılmaqla mənimsənib. Şəhər icra hakimiyyəti və əlaqəli strukturlarda çalışan işçilərin əməkhaqqından şəhid ailələrinə və müharibə əlillərinə yardım fonduna könüllü ödəmə adı altında hər ay faiz tutulub, yığılan pulun hər ay 8000 manatadək olan əsas hissəsi Qoca Səmədova şəxsən təqdim edilib.
Qoca Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin baş memarı Xalid Əhmədovun vasitəçiliyi ilə müxtəlif təyinatlı tikintilərin aparılması üçün zəruri olan sənədləşmə işləri və digər əsaslarla ümumilikdə 44 fiziki və hüquqi şəxsdən müxtəlif məbləğlərdə külli miqdarda rüşvət tələb edərək almasına əsaslı şübhələr var”.
Məlumata əsasən, Nizaməddin Quliyev, Qoca Səmədov və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanıblar, iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Novator.az bildirir ki, Nizaməddin Quliyev 1954-cü ildə Goranboyun Tapqaraqoyunlu kəndində doğulub. İndiki Azərbaycan Dövlət Aqrar Universitetini, Elmi-Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı və Təşkili İnstitutunun aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı olub, 2019-ci ilin aprelində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
2014-cü ildə “Şöhrət” ordeni ilə təltif olunub.
Ramiz Tatarov 1957-ci ildə Qazaxın Aşağı Göycəli kəndində doğulub. İndiki Azərbaycan Dövlət Aqrar Universitetini bitirib.
1980-ci illərdə Qazaxdakı sovxozların birində mühasib müavini, baş iqtisadçı, direktor, 1991-1995-ci illərdə Ağstafada sovxoz direktoru işləyib.
1995-1998-ci illərdə Ağstafa Rayon Aqrar-Sənaye Kombinatının baş direktoru olub.
1998-ci ilin dekabr ayında Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
1999-cu ilin sentyabr ayından Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədridir.
2009-cu ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Qoca Səmədov 1959-cu ildə Yevlax şəhərində doğulub. İndiki Azərbaycan Texnologiya Universitetini bitirib. 2005-2006-cı illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2006-2011-ci illərdə birinci müavini olub, 2011-2019-cu illərdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutub.
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.