ABŞ Konqresinin alt qanadı – Nümayəndələr Palatası dekabrın 18-də prezident Donald Trampın vəzifədən uzaqlaşdırılmasına səs verib. Novator.az-ın məlumatına görə, dövlət başçısı vəzifə səlahiyyətlərini aşmaqda və Konqresin işinə əngəl törətməkdə təqsirli bilinir. Birinci ittiham üzrə impiçmentə 435 nəfərlik aşağı palatanın 230, ikinci ittiham üzrə 229 üzvü səs verib. İndi məsələyə yuxarı palatada – 100 nəfərlik Senatda baxılmalıdır.
Demokratlar Partiyasının Nümayəndələr Palatasında 233, Respublikaçılar Partiyasının 197 təmsilçisi var. Senatda respublikaçılar 53, demokratlar 47 yerə sahibdir.
İmpiçmentin təşəbbüskarı olan demokrat konqresmenlər bildirir ki, Donald Tramp ABŞ-ın Ukraynaya hərbi yardımını ləngitməklə bu ölkənin prezidenti Vladimir Zelenskiyə təzyiq edib. İddiaya görə, Donald Tramp Vladimir Zelenskini ABŞ-ın sabiq vitse-prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin işi üzrə araşdırmanı davam etdirməyə çağırıb. Hanter Bayden 2014-2019-cu illərdə Ukraynanın “Burisma” qaz şirkətinin rəhbərlərindən olub. Ukrayna Baş Prokurorluğu “Burisma”nın hər ay Hanter Bayden və tərəfdaşlarına məxsus başqa bir şirkətin hesabına ayda 160 min dollardan çox pul köçürdüyünü aşkara çıxarıb, ancaq 2016-cı ildə bu araşdırma yarımçıq saxlanıb.
Vitse-prezident postunu 2009-2017-ci illərdə tutan demokrat Cozef Bayden 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkisində Donald Trampın əsas rəqibi sayılır.
Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib.
1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisi marafonunda bütün partiyadaşlarını geridə qoyaraq respublikaçıların rəsmi namizədi statusu alıb.
2016-cı il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. O, 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Hillari Klinton isə 232 nümayəndə qazanıb. Seçicilər Kollegiyası həmin il dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Donald Trampı, 227 nəfər Hillari Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin 2017-ci il yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Donald Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.
ABŞ-da növbəti prezident seçkisi 2020-ci il noyabrın 3-nə təyin olunub.
Ölkə konstitusiyasına görə, eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər.