Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində dəyişiklikləri nəzərdə tutan qanunlar zərfini imzalayıb. Qanunlar 2020-ci il martın 1-dən qüvvəyə minəcək.
Novator.az bildirir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunda yeniliyə görə, Ali Məhkəmə vahid məhkəmə təcrübəsi formalaşdırmağa məsul olur.
Vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədi daşıyır.
Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələrin maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Ali Məhkəmə Plenumunun qərarı qəbul edildikdən sonra nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqi aparılır. Monitorinq ən azı 1 il müddətində həyata keçirilir, onun nəticələri hakimlərin fəaliyyətinin Məhkəmə-Hüquq Şurasında qiymətləndirilməsi zamanı nəzərə alınır.
Ali Məhkəmənin Plenumu onun sonuncu iclasından ötən dövr ərzində Cinayət-Prosessual, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrində müəyyən edilmiş qaydada müvafiq kollegiyaların bütün hakimlərindən ibarət tərkibdə qəbul etdiyi qərarları (qərardadları) nəzərdən keçirir və Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə mövcud izahına dəyişikliklər edir və ya yeni izah verir.
“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunun adı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna çevrilir.
Yeniliyə əsasən, ali təhsilli və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan vətəndaşı məhkəmə eksperti ola bilər.
Şəxs məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsi almalıdır.
Məhkəmə ekspertizası təhqiqatçının, müstəntiqin və prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertizanı məhkəmə ekspertizası idarələrinin ekspertləri həyata keçirir.
Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir.