Erkin Qədirli
Respublikaçı Alternativ Partiyasının üzvü, hüquqşünas
Seçkilərdə və referendumlarda seçicilərin bərabər seçki hüququnu bildirən prinsiplərdən biri “bir kəs – bir səs” prinsipidir. Bu prinsipə görə, hər kəsin yalnız bir səsi ola bilər. Bunun da iki anlamı olur: hər kəsin səsi yalnız bir dəfə sayıla bilər; majoritar sistemdə seçki dairələri elə qurulmalıdır ki, hər birində seçicilərin sayı təqribən bərabər olsun.
Birinci anlam çox sadədir və seçkilər saxtalaşdırılmırsa, hər kəsin səsi bir dəfə sayılır.
İkinci anlam isə problematikdir, onun tətbiqində çeşidli uyğunsuzluqlar ola bilir.
Seçki dairələrinin qurulmasına bir sıra amilin təsiri var: yer, uzaqlıq, yol və s. Üstəlik, seçicilərin sayı dəyişir (demoqrafik artım və ya azalma, köç və s.) Bunların hər biri ayrılıqda və ya başqaları ilə birlikdə seçki dairələrinin “bir kəs – bir səs” prinsipinə uyğun qurulmasını çətinləşdirir.
Örnəklərə baxaq.
Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, 5 saylı Şahbuz-Babək seçki dairəsində 27 min 374 seçici var. 125 saylı Zəngilan-Qubadlı dairəsində isə, seçicilərin sayı 53 min 347-dir. Bu o deməkdir ki, Zəngilan-Qubadlı dairəsinə nisbətdə Şahbuz-Babək dairəsində bir seçicinin səs sayı bir deyil, 1,94-dür. Yəni Şahbuz-Babək dairəsində bir seçicinin verdiyi səsin siyasi çəkisi (sayı) Zəngilan-Qubadlı dairəsində olan bir seçicinin verdiyi səsdən 1,94 dəfə çoxdur. Bu, çox böyük fərqdir və “təqribən bərabər” yanaşmasına uyğun gəlmir.
Başqa dairələrdə də belə uyğunsuzluqlar görmək olur. 16 saylı Yasamal dairəsində 35 min 224 seçici var. 28 saylı Sabunçu dairəsində isə seçicilərin sayı 52 min 939-dur. Göründüyü kimi, 16 saylı Yasamal dairəsində olan bir seçicin verdiyi səsin siyasi çəkisi (sayı), 28 saylı Sabunçu dairəsində olan bir seçicinin verdiyi səsdən 1,5 dəfə çoxdur. 17 saylı Yasamal dairəsində bu fərq daha böyükdür – 1,74
Dairələrdə seçici sayının tam bərabərliyinin əlçatmaz olduğu anlaşılır, ona görə də söhbət “təqribən bərabərlik”dən gedir. Yəni səslərin siyasi çəkisində (deputat göndərmə imkanında) fərq ağlabatan olmalıdır. Fərq yuxarıdakı örnəklərdə olduğu kimi 1,94 və ya 1,74 həddinə çatanda “bir kəs – bir səs” prinsipi pozulmuş olur.
Müəllifin başqa yazıları: