Vəkillik fəaliyyəti dayandırılan Şəhla Hümbətova dekabrın 17-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub, ancaq ifadə verməyib.
Şəhla Hümbətovanın vəkillik fəaliyyəti bu il noyabrın 27-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə dayandırılıb, onun vəkilliyinə xitam verilməsi üçün inzibati-iqtisadi məhkəməyə müraciət olunacağı bildirilib. Cəza bir vətəndaşın şikayəti əsasında Şəhla Hümbətovanın vəkillik fəaliyyətində nöqsanların üzə çıxması, həmçinin onun kollegiyaya üzvlük haqqı ödənməsini gecikdirməsi ilə əsaslandırılıb.
Şəhla Hümbətova siyasi məhbusların əsas vəkillərindən biri kimi tanınır.
Hüquqşünasın sözlərinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti ondan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət edib və haqqında araşdırma aparılmasını istəyib: “Kollegiyanın təqdimatı mənim qurumdan çıxarılmağıma səbəb olmuş əsaslardan biri – guya məhkəməyə saxta qəbz verməyimlə bağlıdır. Belə iddianın heç bir hüquqi əsası yoxdur. Hər hansı cinayətdən və ya vəkillikdən uzaqlaşdırma ilə nəticələnə biləcək fəaliyyət və hərəkətdən söhbət gedə bilməz.
Vəkillik fəaliyyətimin dayandırılması nə üzvlük haqqını vaxtında ödəməməyim, nə də vətəndaşın əsassız şikayəti ilə bağlıdır. Bu, siyasi motivlə təqib edilən şəxslərin vəkillərinə qarşı aparılan repressiya siyasətinin tərkib hissəsidir”.
Dekabrın 17-də vəkil Elçin Sadıqovla birgə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedən Şəhla Hümbətova ifadə verməkdən imtina edib. Elçin Sadıqov “Turan”a deyib ki, Şəhla Hümbətova hələ ki, vəkildir: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əsasən, vəkil öz müştərisi ilə söhbətlərini açıqlaya bilməz. İdarədə bizə bildirildi ki, araşdırma Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə başlanıb. Bu maddə ilə araşdırma üçün yeganə əsas məhkəmənin məlumatı ola bilər. Məhkəmənin isə belə bir məlumatı yoxdur. Vəkillər Kollegiyası Rəyasət Heyətinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətinin predmeti olan sənəd məhkəmədə sübut kimi qəbul olunmayıb. Ona görə də araşdırmanın aparılması qanunsuzdur. Nə qədər ki, Şəhla Hümbətova Vəkillər Kollegiyasının üzvüdür, araşdırmanın dayandırılmasını xahiş edirik. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin adına ərizə yazdıq. Ərizə təqdim olunandan sonra qərarı o verəcək”.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 294.1-ci maddəsinə görə, mülki iş üzrə işdə iştirak edən şəxsin və ya onun nümayəndəsinin sübutları saxtalaşdırması üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.