Dövlət başçısı İlham Əliyev dekabrın 16-da “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevi qəbul edib. Ölkədə elektrik enerjisi istehsalının, istehsal güclərinin artdığını vurğulayan İlham Əliyev 2019-cu ildə fəaliyyətə başlayan “Şimal-2” Elektrik Stansiyasının işi ilə maraqlanıb.
Baba Rzayev qeyd edib ki, stansiya Cənubi Qafqazda yük rejimindən asılı olaraq 214-216 qram xüsusi şərti yanacaq işlədən yeganə yarımstansiyadır: “Yəni çox qənaətcildir və onun faydalı iş əmsalı 57,4 faizdir. İl ərzində 3,2 milyard kilovat-saat enerji istehsal edir. Hazırda stansiya tam gücü ilə işləyir. Biz rejimdən asılı olaraq 380 meqavat yükləyirik”.
ASC rəhbəri “Azərbaycan” İstilik Elektrik Stansiyasının təmir-bərpa işlərindən də danışıb: “Beş blokda yenidənqurma işləri başa çatıb. 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80 faizdən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.
Artıq 200 meqavat bərpa olunub və biz 300 meqavat yox, 400 meqavat gözləyirik, bir az da ondan çox.
Biz həm soyutma sistemini, həm də bütün kimyəvi reagentlər olan sahəni tamamilə yenidən qurmuşuq. Orada blokların özünü, generator, turbin və qazanları tamamilə yenidən qururuq. Amma köməkçi qurğu və binaların hamısını demək olar ki, sıfırdan tikməyə başlamışıq”.
Metro stansiyalarında generatorların quraşdırılmasına toxunan Baba Rzayev deyib ki, bu iş 100 faiz başa çatıb: “Mərkəzi idarəetmə pultu Bakı Metropoliteninin baş ofisindədir və orada təhvil-təslim işləri bitib. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılaraq ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”.
Baba Rzayev həmçinin deyib ki, 50 meqavat gücündə Yaşma Külək Elektrik Stansiyası tam gücü ilə işləyir: “Biz 2018-ci ildə 60 milyon kilovat-saat, 2019-cu ildə isə 80 milyon kilovat-saat enerji istehsalına nail olmuşuq. Bu da təxminən 13-14 milyon kubmetr qazın qənaəti deməkdir. Bakı-Quba magistralının sağ tərəfində – təzə yolla köhnə yolun arasında 84 meqavat gücündə Şurabad Külək Elektrik Stansiyasının bütün layihə-smeta sənədləri hazırlanıb, torpaqların alınması, ötürmə xətləri məsələləri həll edilib və “Vestas” şirkəti bu işə cəlb olunub”.