Müsavat Partiyası 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisinə azı 81 namizədlə gedir. Novator.az-ın məlumatına görə, namizədlərin adları dekabrın 16-da açıqlanıb.
Partiyanın başqanı Arif Hacılı seçki yarışına 15 saylı Yasamal dairəsindən, sabiq başqan, Məclis üzvü İsa Qəmbər 19 saylı Nərimanov dairəsindən, Məclis sədri Nüşabə Sadıxlı 33 saylı Xətai dairəsindən qatılır.
8 saylı Binəqədi dairəsində sabiq deputat Arzu Səmədbəyli qüvvəsini sınayacaq.
Divan üzvlərindən Nemət Kərimli 9 saylı Binəqədi dairəsindən, Gülağa Aslanlı 10 saylı Binəqədi dairəsindən, Səxavət Soltanlı 11 saylı Qaradağ dairəsindən, Almaz Əliqızı 16 saylı Yasamal dairəsindən, Rafiq İsmayıl 26 saylı Sabunçu dairəsindən, Fərəc Kərimli 29 saylı Səbail dairəsindən, Mustafa Hacıbəyli 31 saylı Suraxanı seçki dairəsindən, Könül Alı 41 saylı Sumqayıt dairəsindən, Razim Əmiraslanlı 80 saylı İmişli-Beyləqan dairəsindən, Osman Kazımov 84 saylı Füzuli dairəsindən namizəd olur.
Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Ancaq dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
Təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.