AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü İlham Hüseyn dekabrın 15-də həbsdən buraxılıb.
Novator.az bildirir ki, İlham Hüseyn Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 19-u Bakıda keçirdiyi sanksiyasız aksiyadan qabaq tutularaq 60 sutkalıq inzibati həbs cəzası almışdı.
Rəhbərliyində AXCP sədri Əli Kərimlinin də yer aldığı Milli Şura 19 oktyabr mitinqi üçün Bakı Şəhər İcra Hakimiyyətindən üç ünvan istəyib: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Təklifdən imtina edən Milli Şura “28 May” metro stansiyasının həndəvərində sanksiyasız aksiya keçirib.
Bu aksiyaya görə 31 nəfərə inzibati həbs cəzası verilib. Ən ağır cəzaya məruz qalmış İlham Hüseyn həbsdən çıxan gün – dekabrın 15-də “Azadlıq” radiosuna deyib ki, oktyabrın 16-da tutularaq Sabunçu Rayon Polis İdarəsinin 12-ci bölməsində 7 saat saxlanıb, sonra Respublika Narkoloji Mərkəzinə aparılıb, orada qanında narkotik olmasına rəy verilib. Ardınca Sabunçu Rayon Məhkəməsi İlham Hüseyni qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarında saxlanması və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. O, 60 günlük cəzanı paytaxtın Binəqədi rayonunda, Daxili İşlər Nazirliyinin inzibati həbs məntəqəsində çəkib.