Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyev barədə məqalə yazıb. AZƏRTAC-ın dərc etdiyi məqalədə İlham Əliyevin ilk dəfə 2003-cü il oktyabrın 15-də dövlət başçısı seçildiyini xatırladan Ramiz Mehdiyev qeyd edir ki, onun hakimiyyəti dövründə prezidentlik institutu möhkəmlənib, daxili siyasət və ictimai həyat sahəsində yüksək etimad əldə edilib: “İctimai təsisatların hüquqi və təşkilati baxımdan təsbit olunması ölkədə sabitliyin bərqərar olmasını təmin etdi. Pozucu müxalifətin ölkədə xaos, hərc-mərclik yaratmaq, bununla da normal əmək ritmini pozmaq cəhdləri tamamilə puç oldu, bu cəhdlərin gələcəkdə dirçəlməsinə heç bir ümidi qalmadı. Ölkə ümumi inkişafa doğru aparan yola inamla qədəm qoydu”.
Novator.az-ın məlumatına görə, müəllif yazır ki, hərtərəfli düşünülmüş iqtisadi siyasət sayəsində Azərbaycan xeyli irəliləyib, neft amilindən asılılıq əhəmiyyətli dərəcədə azalıb: “Neftdən asılı dövlət” modeli keçmişdə qalıb. İqtisadiyyatın şaxələndirilməsində ciddi uğurlar qazanılıb. Dövlət sahibkarlığa və aqrar-sənaye kompleksinə ciddi kömək göstərir. Ən başlıcası, Azərbaycan ərzaq mallarının əksəriyyəti üzrə özünü təmin etmək səviyyəsinə çatıb.
Azərbaycan özünün sosial dövlət mövqelərini xeyli möhkəmlədib. Mahiyyət etibarilə Azərbaycan güclü ordusu və güclü xarici siyasəti olan qüdrətli dövlətdir. Bu gün Azərbaycan dünya kosmik klubunun üzvüdür. Azərbaycanın müasir panoramı böyük inkişafın geniş məkanıdır.
İctimai-siyasi sabitlik təmin edilmədən bu cür nəticələrə nail olmaq çətin olardı. Analitiklərin hesablamalarına görə, Azərbaycanın ümumi inkişafı məhz bu amillə müəyyən olunur.
Uğur qazanmağın digər şərtləri icra intizamının təmin edilməsi, vətəndaşların hər sahədə məsuliyyətinin artırılması, həmçinin ölkə rəhbərliyinin ölçülüb-biçilmiş hərəkətləridir. Bunlar bütün islahatların əsasıdır.
2016-cı ildə Azərbaycan iqtisadiyyatında xarici şokların təsiri altında baş vermiş qısamüddətli tənəzzül 2017-ci ildə sabitləşmə və 2018-ci ildə iqtisadi artımla əvəz olundu. Buna səbəb qısa müddətdə mühüm qərarların qəbul edilməsidir: xarici şokların təsiri altında olan iqtisadiyyatın restrukturizasiyası yeni iş yerləri yaratmağa və kütləvi işsizliyin qarşısını almağa imkan verdi; düzgün təşkil edilmiş makroiqtisadi əlaqələndirmə manatın sabitliyini və inflyasiyanın birrəqəmli olmasına nəzarəti təmin etdi; strateji yol xəritələri təsdiq edildi və inkişafın yeni iqtisadi modeli müəyyən olundu; xarici şokların sosial rifaha potensial mənfi təsirlərinin qarşısı alındı”.
Ramiz Mehdiyev yazır ki, İlham Əliyev hələ 2003-2008-ci illərdə, yəni özünün birinci prezidentlik müddətində o illərin çağırışlarını nəzərə alaraq fəal hücumçu tədbirlər kursunu seçmişdi: “İlham Əliyev özünün bütün fəaliyyəti ilə sübut edib ki, ölkənin daxili problemlərini ciddi və güzəştsiz həll etmək, Azərbaycanın xarici siyasətini həyata keçirərkən milli mənafeləri müdafiə etmək əzmindədir. Artıq həmin prezidentlik dövründə aydın oldu ki, İlham Əliyev bu və ya digər problemin həllinə öz prinsipi, öz yanaşması, öz baxışı olan müstəqil şəxsiyyətdir. Onun xarakteri ümummilli lider Heydər Əliyevin şöhrətindən bəhrələnməyə imkan vermirdi, buna görə o, siyasi varis kimi ona qalmış irsi daha da inkişaf etdirməyə çalışırdı”.
Ramiz Mehdiyev 1938-ci ildə doğulub. Fəlsəfə elmləri doktorudur.
1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub.
1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib.
1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub.
1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən KP MK-nın katibi postlarında çalışıb.
1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının rəhbəri olub. Həmin gündən Milli Elmlər Akademiyasının prezidentidir.
“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.
Təhlükəsizlik Şurasının üzvüdür.