Vəkil Elçin Sadıqov prezident İlham Əliyevə müraciət edib. Novator.az-ın məlumatına görə, o, 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olduğunu yazır: “Vəkillər Kollegiyasının üzvüyəm. Fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm, hər zaman vəkil adını, andını yüksək tutmuşam. Əsasən insan haqları müdafiəsi sahəsində tanındığım üçün davamlı olaraq təqiblərə, təzyiqlərlə məruz qalmışam.
Sizə müraciət etməyimin əsas səbəbi son zamanlar yenidən basqılarla üzləşməyimdir. Baş prokurorun birinci müavini Rüstəm Usubov üzvü olduğum Vəkillər Kollegiyasına şikayət edib. Heç bir qanuni əsası olmadığından bunu təqiblərin davamı sayıram.
Oktyabr ayında hüquq müdafiəçisi Oqtay Gülalıyev qəza keçirib. O, Bakının mərkəzində avtomobillə vurulub. Mən 30 oktyabr 2019-cu ildə özümün “Facebook” səhifəmdə bu məzmunda status yazmışam: “Oqtay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu, ehtiyatsızlıq deyil, qəsddir! Allahdan Oqtay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq”.
Baş Prokurorluq həmin statusdan sonra mənim barəmdə “material” yaradaraq “araşdırma” aparıb. Azərbaycan qanunvericiliyi prokurorluğa vəkillər barəsində xidməti araşdırma aparmaq səlahiyyəti vermir, prokurorluğun belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Qanunvericiliyə əsasən, belə araşdırmalar yalnız hüquq mühafizə orqanlarının işçiləri barəsində aparıla bilər.
Barəmdə qanunsuz xidməti araşdırma aparan baş prokurorun birinci müavini Rüstəm Usubov daha sonra Vəkillər Kollegiyasına müraciət edib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinə 14 noyabr 2019-cu ildə ünvanlanmış şikayət ərizəsində göstərilir ki, Elçin Sadıqov istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqla baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumlarının gördüyü işlərə kölgə salır, insanlarda yanlış fikir formalaşdırır və dövlətə inamsızlıq yaradır. Məktubda vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verdiyim, vəkil etikası normasını pozduğum iddia olunur, barəmdə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna müvafiq tədbir görülməsi məsələsinə baxmaq xahiş olunur.
Rüstəm Usubovun mənim barəmdəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, ölkəni mütərəqqi dünyanın gözündən salmağa xidmət edir. Prokurorluğun araşdırma predmeti olmuş status mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, orada yazıb yaydığım status isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil.
Sizdən baş prokurorun birinci müavini Rüstəm Usubovun mənə qarşı atdığı qanunsuz addımların ədalətli araşdırılmasına, belə hallara son qoyulması üçün gərəkli addımların atılmasına göstəriş vermənizi xahiş edirəm”.