2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisində 125 dairənin hər birindən bir deputat seçiləcək. Novator.az-ın məlumatına görə, 9 fevral seçkisinə qatılan Respublikaçı Alternativ Partiyasının üzvü, hüquqşünas Erkin Qədirli özünün “Facebook” səhifəsində yazır ki, həqiqi hərbi xidmətdə olan şəxslərin yalnız referendum və prezident seçkilərində səs verməsi məqsədəuyğundur: “Referendumlarda və prezident seçkilərində ölkənin bütün ərazisi vahid seçki dairəsi olduğundan kimin harada səs verməsi yalnız texniki məsələdir.
Parlament seçkilərində elə deyil. Məsələn, Bakıda qeydiyyatda olan gənc hərbi xidmətə çağırılır və Qazaxa göndərilir. Onun hərbi xidmətdə olduğu dönəmdə parlament seçkisi keçirilir. Adam Qazaxda səs verməli olur. Kimə? Həmin əsgər Qazax seçicisi deyil və onun Qazaxda olan namizədlərin birinə səs verməsinin, həmin səs düzgün sayılsa belə, heç bir siyasi anlamı yoxdur. Qazaxdan seçilmiş deputat o əsgəri təmsil etməyəcək, çünki əsgər hərbi xidmətini başa vurandan sonra Bakıya qayıdacaq. Bakıda isə onun qeydiyyatda olduğu dairədə səs vermək imkanı olmayıb.
Ölkə üzrə nə qədər belə əsgər olur hər parlament seçkisində? Hərbi hissələrdə çağırışla xidmət keçən əsgərlərin əksəriyyəti (üst-üstə on minlərlə adam edir) başqa dairələrin namizədlərinə səs verir, bununla da onların səsləri, hüquqi baxımdan sayılsa da, siyasi baxımdan anlamsız olur.
Odur ki, çağırışla xidmət edən əsgərlər parlament və bələdiyyə seçkilərində səs verməməlidir. Eyni şeyi məhbuslar haqqında da demək olar”.