Növbədənkənar parlament seçkisinə start veriləndən sonra mübahisə yaradan məsələlərdən biri ağır cinayətdə suçlanaraq həbsdə yatmış, məhkumluğu qalan siyasətçilərin namizədliyidir. Hüquqşünas Ələsgər Məmmədli özünün “Facebook” səhifəsində yazır ki, konstitusiyaya 2016-cı il referendumunda edilmiş yeniliklər fonunda şəxsin namizəd olmaq hüququnu məhdudlaşdırmaq yolverilməzdir: “Ana qanunun 85-ci maddəsində seçkilərdə iştirak etmək hüququna malik hər bir vətəndaşın qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə biləcəyi qeyd olunur. “Seçkilərdə iştirak etmək hüququna malik” norması konstitusiyaya 2016-cı ildə əlavə edilib. Bəs seçkilərdə iştirak etmək hüququna malik olmağı necə müəyyən etməliyik? Konstitusiyada bir hüquqdan bəhs edilirsə, həmin hüququ tənzimləyən normaya baxmaq zəruridir. Ana qanunda olan hüququ və onun məhdudiyyətini aşağı normada, məsələn, Seçki Məcəlləsində axtarmaq legitim yanaşma deyil. Konstitusiyanın 56-cı maddəsinin birinci hissəsi seçki hüququnu, ikinci və üçüncü hissələri məhdudiyyətləri göstərir. Qeyd olunur ki, Azərbaycan vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var.
“Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur” norması isə ağır və ya xüsusilə ağır cinayətdə məhkum olumuşlara dair bir məhdudiyyət nəzərdə tutmur.
Üçüncü hissədə hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin seçilmək hüququnun qanunla məhdudlaşdırıla biləcəyi qeyd edilir. Azadlıqdan mərhum edilmiş şəxs deyəndə seçki zamanı həbsdə olan şəxslər nəzərdə tutulur. Belə olan halda Seçki Məcəlləsində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətdə məhkum olunmuş və cəzasını çəkmiş şəxslərin seçkiyə girişinə məhdudiyyət qoymaq konstitusiyaya, xüsusilə ana qanuna 2016-cı il referendumdan sonra gətirilən normaya ziddir.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatını tənzimləyən 71-ci maddənin doqquzuncu hissəsi də bu arqumenti açıq şəkildə dəstəkləyir. “Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz”.
Burada “qanunla” dedikdə həm də qanunların legitim əsaslarla formalaşmış qanunlar olması nəzərdə tutulur. 71-ci maddənin birinci hissəsinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur”.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
Şərti məhkum edilmiş şəxslər sınaq müddəti başa çatdıqda; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluğu ödəmiş hesab edilir.
Digər hallarda bu müddətlər qoyulub:
böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə;
az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə;
ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə;
xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər – cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə.
Məhkum edilmiş şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.
Şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər.
Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.