Azərbaycanda Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir. AZƏRTAC-ın məlumatına görə, dekabrın 9-u Bakıda, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasından əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşən baş nazirin müavini Şahin Mustafayev belə deyib. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələri və əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb. Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır: “Bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat və sair sahələrdə əlaqələrimiz uğurludur. Hazırda ölkəmizdə Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 19 faiz, bu ilin 10 ayında isə 23 faiz artıb. İndiyədək Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları, Rusiya Azərbaycana 4,9 milyard dollar sərmayə yatırıb”.
İclasda iki ölkə arasında regionlararası əlaqələr, həyata keçirilən birgə layihələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və sair sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Azərbaycanla Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar-sənaye kompleksində və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları imzalanıb.
Həmin gün iqtisadiyyat naziri Mikayıl Cabbarov da Maksim Oreşkinlə bir araya gəlib. Nazirlərin imzaladığı niyyət protokoluna görə, üç ay müddətində Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə tədbirlər planı hazırlanacaq.
Dekabrın 9-da həmçinin Pirallahı Sənaye Parkında dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi açılıb. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan müəssisənin illik istehsal gücü 250 milyon ədəd həb və kapsuldur.
Hacıqabul Sənaye Məhəlləsində isə Rusiya investisiyalı “Penopleks” izolyasiya məhsulları istehsalı zavodunun təməli qoyulub.
“Zabrat” aeroportunun ərazisində helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməlqoyma mərasimi də olub. Xidmət mərkəzinin fəaliyyətə başladığı ilk illərdə 4-6 müxtəlif modifikasiyalı helikopterin təmiri, daha sonra istehsal gücünün ildə 8-10 vintqanadlı maşının təmirinə kimi artırılması planlaşdırılır.