Novator.az 2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin təqvim planına nəzər salıb.
Namizədlərin irəli sürülməsi seçkinin təyin edilməsi haqqında prezident sərəncamı rəsmi dərc olunandan – dekabrın 6-dan başlayıb.
Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə qərar sənədlər seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində verilir.
İmza vərəqələrinin verilməsi namizədliyin irəli sürülməsini təsdiqləyən qərar qəbul edildiyi gündən start götürür.
Namizədin müdafiəsi üçün toplanan seçici imzalarının və təqdim edilən digər sənədlərin yoxlanması, qeydə alınıb-alınmama haqqında qərar sənədlər qəbul edildikdən sonra 7 gün müddətində rəsmiləşir.
Bu sənədlər 2019-cu il dekabrın 21-dən 2020-ci il yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
Qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının ictimailəşdirilməsində son müddət 2020-ci il yanvarın 20-dir.
Seçkiqabağı təşviqat 2020-ci il yanvarın 17-də başlanır, fevralın 8-i səhər saat 8-də dayandırılır.
Seçki bülletenləri 2020-ci il yanvarın 30-dək hazır olur.
Səsvermənin nəticələri haqqında ilkin məlumat seçki günü verilir.
Seçki dairəsi üzrə nəticələrin müəyyən olunması, protokolun ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması 2020-ci il fevralın 12-dək bitir.
Mərkəzi Seçki Komissiyası 2020-ci il fevralın 29-dək Milli Məclisə seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərir.
Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezidentin sorğusu əsasında müraciəti araşdıran Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması təşəbbüsünü ana qanuna uyğun sayıb. Qərar dekabrın 4-də elan olunub. Dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var. 18 yaşına çatmış Azərbaycan vətəndaşı deputat seçilə bilər.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.