Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dekabrın 9-da Ali Məclisə seçkinin 2020-ci il fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalayıb. Qərar beşinci çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkisi təyin edilməsi haqqında prezident sərəncamı əsasında qəbul edilib.
Azərbaycan Konstitusiyasına görə, ölkənin qanunverici hakimiyyət orqanı olan Milli Məclisə seçki beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. 2020-ci ilin parlament seçkisi noyabrın 1-nə düşürdü. Ancaq noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezidentin sorğusu əsasında müraciəti araşdıran Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması təşəbbüsünü ana qanuna uyğun sayıb. Qərar dekabrın 4-də elan olunub. Dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Azərbaycanda əvvəlki parlament seçkiləri 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də olub. Həmin günlər Naxçıvan Muxtar Respublikasının qanunvericilik hakimiyyəti olan Ali Məclisə də seçkilər keçirilib.
Novator.az bildirir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 45 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi ilə beş il müddətinə seçilir.
Ali Məclis yerli büdcənin təsdiqi; yerli iqtisadi və sosial proqramların təsdiqi; Naxçıvan Muxtar Respublikası baş nazirinin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi; yerli Nazirlər Kabinetinin tərkibinin təsdiqi və kabinetə etimad; Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi; Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi; Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərmanlarının təsdiqi kimi məsələləri həll edir.
Naxçıvanda ali vəzifəli şəxs olan Vasif Talıbov 1995, 2000, 2005, 2010, 2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib.