Mərkəzi Seçki Komissiyasının 7 dekabr iclasında 2020-ci il fevralın 9-na təyin olunmuş növbədənkənar parlament seçkisinin təqvim planı təsdiqlənib. Plana görə, namizədin qeydə alınması üçün sənədlər dekabrın 21-dən yanvarın 10-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqat yanvarın 17-dən fevralın 8-dək çəkəcək.
Xəbəri AZƏRTAC yayıb.
APA-nın məlumatına görə, dekabrın 7-də iki müxalif partiya parlament seçkisinə qatılmaq qərarı verib. Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyasında müzakirələr 9 fevral seçkisində iştirak qərarı ilə bitib. Partiya üzvləri namizədliklərini öz təşəbbüsləri ilə irəli sürəcək. Başqan Arif Hacılı “Azadlıq” radiosuna deyib ki, indiki ictimai-siyasi şəraitdə seçkidə iştirakın Azərbaycan cəmiyyətinin maraqlarına daha uyğun olduğu qənaətinə gəlinib.
Sabiq deputat İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyasının Ali Məclisi də 7 dekabr sessiyasında eyni qərar çıxarıb. Ali Məclis deputatlığa iddialı 72 nəfərin namizədliyini təsdiqləyib. Daha 13 nəfərlə bağlı qərarı Rəyasət Heyətinin verəcəyi vurğulanır.
Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Noyabrın 28-də prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçki təşəbbüsü qaldırıb. Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezidentin sorğusu əsasında müraciəti araşdıran Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması təşəbbüsünü ana qanuna uyğun sayıb. Qərar dekabrın 4-də elan olunub. Dekabrın 5-də prezident İlham Əliyev Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib.
Novator.az bildirir ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda indiyədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var. 18 yaşına çatmış Azərbaycan vətəndaşı deputat seçilə bilər.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atmaq hüququ var.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.
Ümumi yekunları Konstitusiya Məhkəməsi yoxlayıb təsdiqləyir.