Dövlət başçısı İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfər edib.
AZƏRTAC xəbər verir ki, prezident Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun Şamaxıdan keçən hissəsinin yenidənqurmadan sonra açılışına qatılıb. Arayışa görə, ümumi uzunluğu 16 kilometr olan yol 4 zolağa genişləndirilib.
İlham Əliyevə 4 min nəfər əhalinin yaşadığı, 5 məntəqəni birləşdirən Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolunda görülmüş işlər barədə də məlumat verilib.
Prezident Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə də tanış olub. Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlanan dövlət başçısı çay süfrəsi arxasında deyib ki, bu il üçüncü dəfədir Şamaxıya baş çəkir: “Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu.
İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. Bəzilərinin tikintisi davam edir. Çoxmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina.
Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülüb. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır”.
İlham Əliyev həmçinin Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Kompleksin Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcəyi bildirilir. Əməkdaşlarla görüşən prezident deyib ki, “ASAN xidmət” Azərbaycanın intellektual məhsuludur: “Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. “ASAN xidmət” mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir və bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız və sazişlər imzalanıb”.
Dövlət başçısı “ASAN xidmət”in korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biri olduğunu vurğulayıb: “Bu məsələlərlə bağlı köklü tədbirlər görülür. Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq.
“ASAN xidmət” eyni zamanda bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə “ASAN” könüllüsü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq”.