Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-i Slovakiyanın paytaxtı Bratislavada, ATƏT Nazirlər Şurasının iclasında çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir deyib ki, cəbhə xəttindəki nisbi sakitlik Minsk qrupu həmsədrlərinin qeyri-sabit və qəbuledilməz saydığı, işğala əsaslanan durumdan kənara çıxmağa imkan verən irəliləyiş yaratmayıb: “Son bir ildə Ermənistan rəhbərliyinin təxribatçı bəyanat və hərəkətlərə əl ataraq sülh prosesini pozmaq cəhdlərinin şahidi olduq. Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır, nöqtə” kimi bəyanatı sülh yolu ilə həll anlayışına ziddir və qəti şəkildə pislənməlidir.
Birgə razılaşdırılmış ATƏT sənədləri ilə, xüsusən də 24 mart 1992-ci il qərarı ilə əsası qoyulmuş danışıqlar formatını dəyişdirmək cəhdi sülh prosesi üçün açıq təhdid olaraq qalır. Bu sənədlər birmənalı göstərir ki, Ermənistan və Azərbaycan münaqişənin iki tərəfidir, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı və erməni icmaları isə iki maraqlı tərəfdir. Erməni icmasını “Dağlıq Qarabağ xalqı” kimi təqdim etmək cəhdləri bölgənin azərbaycanlı icmasının mövcudluğunu inkar edir və onların bölgənin gələcəyi üzrə qərar qəbulu prosesinin tərkib hissəsi olmaq hüququnu şübhə altına alır. Belə bir mövqe etnik təmizləmənin nəticələrini qanuniləşdirmək məqsədi güdür və beynəlxalq insan hüquqları fəlsəfəsinə ziddir.
Ermənistan işğal olunmuş ərazilərdə bu ərazilərin fiziki, mədəni və demoqrafik xarakterinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni iqtisadi və digər fəaliyyətlə məşğul olmağa davam edir. O, ATƏT məkanında ən hərbiləşdirilmiş dövlətdir, Azərbaycan ərazilərinin işğalını saxlamaq üçün öz ümumi daxili məhsulundan hərbi məqsədlər üçün ATƏT ölkələrinin hər birindən daha çox pul xərcləyir. Onun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və qeyri-sabitlik mənbəyi olaraq qalır.
Münaqişənin həlli prosesi mərhələli yanaşmaya əsaslanır. Bu yanaşmanın alternativi yoxdur, çünki bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına əsaslanır.
İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması təmin olunmalıdır. Ardınca məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə, mülklərinə, o cümlədən Dağlıq Qarabağ regionuna qayıtması, həmin ərazilərin qarşılıqlı istifadəsi, bərpası və iqtisadi inkişafı üçün bütün kommunikasiyaların açılması təmin olunmalıdır.
Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusu hazırlamaq və müəyyənləşdirmək üçün yaxşı bir fürsət təmin edəcək. Belə bir status bölgədəki erməni və azərbaycanlı icmalarının dinc yanaşı yaşamasını təmin etməlidir.
Statusun müəyyən edilməsi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni ermənilərin və azərbaycanlıların birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan Konstitusiyası çərçivəsində, Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir.
Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”.
1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Dağlıq Qarabağ bölgəsi (Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən) və onun ətrafındakı bölgələr (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən) ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.