Müasir Azərbaycanda türkçülüyün problemlərinə dair bəzi düşüncələr (1)
- 06 Dekabr 2019
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“Düşüncə dəftəri” kitabından
Fərid Bağırlı
Müəllif klassik mənada türkçü, ya da Turançı olmamaqla bərabər, həmin cərəyanlara olan simpatiyası, marağı və doğmalıq hissinə görə cəmiyyətimizdə türkçülüklə əlaqədar müşahidə etdiyi bəzi hallara toxunmaq istərdi…
Türkçülüyün hissiliyi/emosionallığı
Türkçülüyümüz ciddi dərəcədə hissidir, yəni emosionaldır. Hissiyyata əsaslanan türkçülük incəsənət sahəsi üçün faydalı ola bilər. Milli ədəbiyyatın, musiqinin, memarlığın təşəkkülündə hissiyyat çox böyük yer tutur. Hissiyyat incəsənətin bütün növlərinin əsasıdır. Lakin bəzi filosoflar və sufilər üçün hissiyyat ilham mənbəyi olsa da, türkçülük fəlsəfəsinin təşəkkülündə hissiyyat ancaq yardımçı ola bilər.
İndiki Azərbaycanda türkçülüyün ən böyük qüsuru, fikrimcə, vahid yapıcı/konstruktiv türkçülük fəlsəfəsinin yoxluğudur. Özlərini türkçü kimi təqdim edən insanlar səmimi olsalar da, milli düşüncələri zəifdir və əsas etibarilə hissiyyat, narazılıq və həsrət/nostalgiya kimi amillər üzərində kökləniblər. Bu qüsur üzündən Azərbaycanda türk dövlətçiliyi ciddi təhlükə altındadır. Çünki fəlsəfi bünövrəsi və intellektual bazası zəif olan sistemin məfkurəsi/ideologiyası da, siyasəti də, özünü müdafiə sistemi də hər zaman zəif olacaq.
Türkçülüyümüzün hissiyyata əsaslanması plobleminin arxasında, zənnimcə, iki yüz illik müstəmləkəçilik keçmişimizin təsiri durur. Çünki bu müddət ərzində yad dövlətin və dəyərlərin altında əzilə-əzilə Azərbaycan türkü çox böyük hüznlər və kədərlər, ümidsizliklər və inkisarlar (inkisar – sınma, o cümlədən mənəvi sınma, ümidsizlik) yaşayıb. İçimizdə yığılan bu mənfi hissiyyatın, ruhumuzun səssiz üsyanlarının və Səmanın ağlımızı zəhərləyən dərin sükutunun təsirindən biz çox vaxt hissiyyatla hərəkət etmiş, ağılla soyuqqanlı düşünmək əvəzinə, bir çox şeyə hissiyyat prizmasından baxmışıq. Bunun nəticəsində mənasız qəddarlıqlar, səbirsizliklər, məntiqsiz qərarlar, yanlış tədbirlərlə hərəkət etmişik.
Romanovların hərbi-bürokratik makinası bizi əzincə və öz praktiki müəssiriyyətini (təsirini, effektini) nümayiş edincə biz öz dəyərlərimizdən şübhəyə düşmüş və əks dini komplekslərə məğlub olmuşuq. Romanovların dəyərlər sistemi çökdükdən sonra baş verən birinci oyanışımızda isə fərqinə varmadan həmin düşmənin təhsil və idarə sisteminin bizim beynimizə həkk elədiyi “qərbçi-rus proqramla” hərəkət etmiş və yanılmışıq. Bolşevizmə qarşı Avropadan mədəd ummuş və əliboş qalmış, Türkiyənin yardımına bel bağlamış və aldanmışıq. Öz içimizdə daşıdığımız milli-dini kodlara etibar etməkdən çəkinmiş və məğlub olmuşuq.
Sovet sisteminin çökməsi ilə baş verən ikinci dirilişimizdə sovet sisteminin bizə sırıdığı əkinçi-proletar sevgisini milli sədaqətlə səhv salmış, “irq”, “millət” və “xalq” məfhumlarını bir-birinə qatmış, lazımından artıq dərəcədə xalqçılıq eləmiş, xalqdan gələn hər şeyə inanmış, Xaliqdən/Yaradandan gələnləri belə xalqın əkinçi-proletar gözü ilə dəyərləndirmişik və yenə aşmışıq.
İndi üçüncü dirilişimiz ərəfəsində kimlərin şirin vədlərinə aldanacaq, hansı kölgələrin arxasınca gedəcək, kimlərin illüziyalarına, küskünlüklərinə, intiqam həsrətinə ilişəcəyik?!
Bügünkü Azərbaycan türkçüsünün ən böyük bəlalarından biri türkün irqi xisləti olan mühafizəkarlığın/konservatizmin təsiri ilə gələcəyə retrospektiv baxış, Xalq Cümhuriyyətinə və onun liderlərinə olan həsrətdir. O itirdiklərimiz bir daha geri dönməyəcək, çünki zaman geri qayıtmır. Zaman daima tək istiqamətdə, irəli gedir. Keçmişdən ibrət almaq lazımdır, ancaq keçmişə bənd olub ona qayıtmaq, itirdiyimiz fürsətləri diriltmək – ölünü diriltmək qədər çətindir! Yeni həyata, Yalta və Potsdamda qurulan dünya nizamının çöküşünə hazır olmaq, o çöküşdən sonra qurulası olan yeni nizamda ləyaqətli yer tutmaq üçün hazır olmaq lazımdır!
Turançılığın metafizikası
İnsan nə qədər obyektiv olmağa çalışsa da, tam obyektiv olmaq ona yəqin ki, heç vaxt müyəssər olmayacaq. Bu həqiqət maddi aləmin astarı olan metafizikada da müşahidə edilməkdədir. Çünki hər bir insan kainatın metafizik cəhətini ancaq öz qabiliyyəti, təcrübəsi və digər imkanları çərçivəsində qavramaqdadır. Yəni insanın metafizik varlığı qavramaq və onu obyektiv həqiqət kimi anlamaq imkanı son dərəcə məhduddur… Müasir türkçülər əsas etibarilə ictimai-siyasi sahə ilə məşğul olduqları üçün mistisizmə, metafizik fəlsəfəyə və metafizikaya yetərincə əhəmiyyət vermirlər. Bu səbəbdən müasir türkçülüyümüzün əsas ciddi nöqsanlarından biri batini/mistik türkçülüyün zəifliyidir. Şəxsi təəssüratımıza görə, bu, türkçülüyün köhnə qüsurudur. Çünki eyni qüsur XIX əsrdə təşəkkül tapan türkçülükdə də müşahidə edilirdi. Ənvər Paşa kimi bəzi türkçülər islamın metafizikasına dəyər vermiş olsalar da, onların məğlubiyyəti ilə ilk sıraya çıxan qərbsayağı türkçülük ciddi dərəcədə əhli-dünya türkçülüyü, fransız, ya da alman sayağı türkçülük/milli cümhuriyyətçilik yolunu göstərməkdədir. Bu növ türkçülük siyasi fəaliyyət və hakimiyyət uğrunda mübarizə çizgisi ilə hərəkət edən praqmatik, dünyəvi türkçülükdür…
Halbuki hər şeyin öz batini, yəni metafizik cəhəti var. Millət də, dövlət də bundan müstəsna deyil. Bəs, türk irqinin batini aləmi, onun surəti/görünüşü və quruluşu necədir? Türk dövlətinin batini aləmdəki yeri və dəyəri nədir? Bu suallara cavab vermədən türk irqinin, Turanın bərpası mümkün deyil. Çünki maddi aləmdə bir hadisənin baş verməsi üçün öncə həmin hadisənin planı/layihəsi və hesabatı batini aləmdə hazırlanmalı, taleyi və strategiyası müəyyənləşməlidir. Xüsusən ona görə ki, türk irqinin problemi sadəcə dövlətçiliyin bərpası və inkişafı deyil, daha dərin olan batini/metafizik vəhdət və özünüdərk problemidir.
Bu istiqamətdə qarşılaşdığımız ən ciddi məsələ bəzi insanların türkçülüklə islamı bir-birinə düşmən kimi görməsi və göstərməsidir. Əvvəla, bilmək lazımdır ki, bu cür fikirləri yayanlar əsasən milli baxımdan türk olmayanlardır ki, milli rəqabət hissi səbəbindən türk ulusunun yüksəlişindən narahatlıq duyurlar (türk ellərində bu qrupu təmsil edənlər əsasən ərəb, fars və kürd mənşəli ruhanilərdir).
İkincisi, ənənəvi islamın qoruyucuları məhz peyğəmbər zamanının islamını bərpa etmək istədikləri üçün buna müvəffəq ola bilmirlər. Zaman və məkan, həmçinin ictimai-siyasi struktur etibarilə ənənəvi islam Mədinə-Diməşq-Bağdad üçbucağında qurulmuş və VII-X əsrlərdəki ərəb cəmiyyətinin xüsusiyyətləri ilə yoğrulmuş bir sistemdir. Bu sistemi ərəbə və Ərəbistana dəxli olmayan, başqa milli struktura və siyasi ənənəyə malik Azərbaycana, Türkiyəyə, ya da Özbəkistana sırımağın heç bir mənası yoxdur və heç bir müsbət nəticə də verməyəcək! İslamda bizə lazım olan Quranın bəyan etdiyi imani və əxlaqi prinsiplərdir, ibadətlər və qanunlardır. Ancaq bu mücərrəd həqiqətlər bizim indiki cəmiyyətimizin ictimai-siyasi və mədəni bünövrəsi üzərinə oturdulmalıdır. İslam mühafizləri bu cür həqiqətləri rədd etdikləri üçün, Məhəmməd peyğəmbərin altun çağını bərpa etmək istədikləri üçün türkçülərlə dil tapa bilmirlər, zahiri ziddiyyətin bataqlığında boğulurlar. Bizim türkçülər də həmin insanlara başa sala bilmirlər ki, o altun çağı altuna çevirən əsas amil peyğəmbərin fiziki varlığı idi, yəni içində peyğəmbər olmayan dövrü altun çağa çevirmək mümkün deyil. Başı üstündə öz peyğəmbəri olan islam və ümmət başqa, peyğəmbərsiz qalan islam və ümmət bambaşqa şeylərdir! Və elə buna görə də hər millət islam içində özünə xas üsul və tərzlə hərəkət etməkdən başqa çarə tapa bilməyəcək.
Şaman kosmoqrafiya (təsviri-kainat) və axırzaman elmi/esxatologiyası nizama salınıb Quran və hədislə müqayisə edilməlidir. Zənnimcə, bu fövqəladə məsələ müvəffəqiyyətlə nəticələnsə iki sistemin arasında ciddi fərqin olmadığı üzə çıxacaq. Bu sahədə əsas nəzəri və əməli problem peyğəmbərin ilahi kəlamı insanlara çatdırmaqdakı yanılmazlığı və şamanın peyğəmbərdən fərqli olaraq yanıla bilən varlıq olmasıdır. Yəni hər şamanın hər sözü mütləq həqiqət deyil. O şaman sözlərini saf-çürük etmək də hər adamın həll edə biləcəyi iş deyil… Çox təəssüf ki, anlamadığı hər şeyi inkar edən mollalar və öz molla düşmənçiliyinə görə dindən üz döndərən diplomlu cahillərimiz bu cür işlərə hər zaman əngəl törədiblər. Əgər vaxtında İbn Batuta və Rəşidəddin kimi insanlar şaman elmini və batini təcrübəni qələmə almış olsaydılar və Divan-ü Lüğət`it-Türk kimi bir Divan-ü Kəhənət`it-Türk/Türk Şamanlarının Kodeksini tərtib etsəydilər bizim işimiz daha asan olardı. Bir vaxtlar Məhəmməd Siyəhqələm (XV-XVI əsr rəssamı. Albomu Türkiyədə saxlanır. Bəzi ehtimallara görə, həmin albom Yavuz Səlimin Təbriz səfərindən İstanbula gətirdiyi əsərlərin arasında olub) adında bir qəribə insan bu cür məlumatı toplamaqla məşğul olmuşdu, lakin ondan sonra o qiymətli arxivdən sadəcə bir neçə cin rəsmi qalmışdı. Arxiv yox oldu, ya da yox edildi… Bu cür məlumatı cəm və tədvin etmək, yəni toplayıb kodifikasiya etmək lazımdır. Qısacası, bizim bir Şaman Kodeksinə ehtiyacımız var. Çünki millət bədəndir və onun özünə aid “can” dediyimiz ruhu var. O türk canını anlamağın, onu diriltməyin və ona yeni istiqamət qazandırmağın əsas yollarından biri o canı tanımaqdır, onun kainatla olan münasibətini anlamaqdır.
Şəxsi qənaətimizə görə, qəlb-ağıl-bilik-əməl dördlüyü üzərində qurulan və Səma-Ərz (Yer) mehvəri ətrafında dönən Turançılığın mənəvi strukturu bir piramida şəklində düşünülərsə, onun 1-ci (alt) pilləsi batini elm/metafizika, 2-ci pilləsi fəlsəfə, 3-cü pilləsi məfkurə/ideologiya, 4-cü pilləsi siyasət və 5-ci pilləsi hakimiyyət olmalıdır. Bu piramidanın iki çeşidi olmalıdır: Səmavi (Göyə aid) və Ərzi (Yer kürəsinə aid). Səmavi piramidanı tərs şəkildə, yəni təməli Göydə, zirvəsi isə Yerdə olan bir bina şəklində düşünmək mümkündür. Ərzi piramidanın isə təməli Yerdə, zirvəsi Göydə olmalıdır.
Səmavi piramidanın təməl pilləsi ilahi isimlər sistemi (əl-Zahir-əl-Batin-əl-Əvvəl-əl-Axir), yuxarıdan ikinci pillə – din (əl-Ədl-əl-Həkim-əl-Nur-əl-Hadi), üçüncü pillə – əxlaq (əl-Sübbuh-əl-Qüddüs-əl-Əliyyu-əl-Kərim), dördüncü pillə – siyasi iradə (əl-Mürid-əl-Qadir-əl-Vəkil-əl-Mütəkəllim), beşinci pillə imamətdir (əl-Vəliyyü-əl-Müqtədir-əl-Əzəm-əl-Ğalib).
Bu iki piramidanı yan-yana qoyub bir-birinə keçirdiyimiz zaman birinci Səma-Ərz kəsişmə nöqtəsində şaman-sufi, ikincidə fəlsəfə-din elmləri, üçüncüdə milli məfkurə-islam əxlaqı, dördüncüdə milli siyasət-islam esxatologiyası, beşincidə milli hakimiyyət-islam hüququ problemləri öz həllini tapmalıdır.
Ərzi piramidanın içində isə Turan Varislik Piramidası düşünülə bilər. Birinci alt pilləsi Təkəvvün/Kainatın qurulma prosesi və bu müddət ərzində Səma Əhli tərəfindən Yer kürəsinin dərinliklərinə yerləşdirilən güclü müsbət enerji mənbələri. Bu mənbələrin bir çoxu bizim zamanımızda pir kimi tanınmaqdadır. Həmin yerlərin (Beşbarmaq, Gəmiqaya, Qız qalası, Qobustan kimi) yerüstü qismindən başqa bir də yeraltı hissəsi mövcuddur. Güc mənbəyi Səma və həmin mineralların gəldiyi Ulduz, yeraltı mineral hissəsi müvəllid/generator, yerüstü bina hissəsi mühəvvil/transformator, məbədin qulluqçusu isə ötürücüdür. Kəbə daxil, bir çox qədim məbəd həmin güc mənbələrinin üstündə qurulub və öz yerüstü hissələri vasitəsilə onların bir çoxu indiyə qədər “transformator” kimi çalışmaqda, şəfa mənbəyi kimi istifadə edilməkdədir. Qədim Turanın quruluşunda bizcə bu kimi yerlərin əvəzsiz rolu olub.
Həmin mənbədən aldıqları güclə, türk şaman və sufiləri Turanın böyüməsinə, qüdrətinin artmasına qulluq ediblər. Məbədin qulluqçuları iki qismə ayrılır: mələkuti (mələklərə aid) və mülki (fiziki aləmə aid). Mülkilər iki növdür: insanlar və cinlər. İnsanlar iki növdür: yerin üstündəkilər və altındakılar. Üstündəkilər iki növdür: ötürücü/medium və icraçı/operator. Yerin altındakılar, daha öncə yaşamış peyğəmbərlər, övliyalar və şəhidlərdir… Həmin pirlərin altında, Yerin əlçatmaz dərinliklərində yerləşdirilən səmavi daşların xaricində bir də ayrıca kiçik daşlar həmin binaların divarlarına yerləşdirilib (yəqin ki, təmas/kontakt yeri olması üçün). Bunun ən məşhur misalı Kəbənin “Yəmən rüknü” deyilən küncündə yerləşdirilən qara daşdır (Həcər əl-Əsvəd). Bu daşdan savayı daha çox buddaçı aləmdə məşhur olan Çintamani daşı var. Üçbucaq planında cızılmış üç dairə ilə rəmz edilən bu daşın üç dairəli işarəsi “niyəsə” Əmir Teymurun bayrağında da görünməkdədir. Məşhur olan üçüncü daş isə qərblilərin “Sen-qraal” dedikləri daşdır ki, bunun gerçək adı “Senq-realdır” və köhnə fransız dilində “daşların kralı”, ya da “kral daşı” deməkdir. Zamanla bu söz təhrif olunub və heç bir mənası olmayan “Sen-qraala” çevrilib, hətta İsa peyğəmbərin son yeməkdə işlətdiyi kasa ilə əlaqələndirilib. Adətən rubin daşına bənzəyən, yumruq boyda, yarışəffaf bir daş kimi təsvir olunan bu element bəzən ərəb kimyagərlərinin atası sayılan Cabir ibn Həyyanın kəşf etdiyi “kibrit əl-əxmər”, yəni “qırmızı kükürd” deyilən maddə ilə əlaqələndirilməkdə, şəfa və ölümsüzlük mənbəyi sayılmaqdadır.
Bu cür daşlara yaxın mövqedə duran ikinci qrup daş dünya hakimiyyəti üçün lazım olan enerjinin daşıyıcısı sayılan almaz daşlarıdır. Bunların ən məşhurları isə Şah-Almaz, Kuhi-Nur və Dəryayi-Nur almazları, həmçinin “Ləəli-Teymur” adı ilə məşhur olan şpineldir ki, Əmir Teymurdan Şah Abbasa qədər bir çox hökmdarın barmağını bəzəyib, sonra isə Hindistanı qarət edən “Ost-İnd” şirkəti vasitəsilə kraliça Viktoriyanın əlinə keçib. Bu dörd daşın dördü də bir zamanlar müsəlman türkün hakimiyyət rəmzləri idi və türk bunların əksəriyyətini itirdi…
Altdan ikinci pillə Adəm Turanıdır, yəni Tufandan öncəki ən qədim Turan. Üçüncü pillə Nuh oğlu Yafəs, dördüncü pillə İbrahim oğullarının Turanı, beşinci pillə isə Oğuz Turanı və ya İslam Turanıdır…
Adəm peyğəmbərinin oğulları Nuhla birlikdə Tufandan qurtulunca Yer kürəsinin hər tərəfinə yayılıb. Nuh peyğəmbərin ailəsi qurtulan yeganə qrup olmaya da bilər, çünki Quran Nuh gəmisinin sadəcə “səfinə” (gəmi) olmadığını, eyni zamanda “fülk”(donanma) olduğunu eyham etməkdədir[1]. Nuh peyğəmbərin gəmisi bu donanmanın “admiral gəmisi” olduğu və birbaşa Yaxın Şərqlə və İslail oğullarının tarixi ilə əlaqəli olduğu üçün Əhdi-Ətiq sadəcə ondan bəhs edib. Ancaq bu, Həzrət Nuhun gəmisindən başqa gəmilərin və onların heyət-sərnişin qruplarının varlığını düşünməyə mane olmur. Həmin fərziyyəmizi təsdiq edən digər məqam Əhdi-Ətiqdən və Bibliyadan xəbəri olmayan bir çox mədəniyyətdə tufan və gəmi əsatirinin olmasıdır… Əhdi-Ətiqdən bildiklərimizə görə, Nuh peyğəmbərin dörd oğlu olub. Sam (Sim), Yafəs (Yafet) və Kənan (Xam) mömin olub, dördüncüsü isə kafir olub. Kafir olanın gəmiyə minməsinə Allah imkan verməyib və çox güman ki, həmin oğul Tufan əsnasında həlak olub[2]. Kənan (Ham) tufan bitdikdən sonra atasına böyük hörmətsizlik elədiyi üçün[3] Həzrət Nuh tərəfindən qarğışlanaraq cənuba qovulub və bir ehtimala görə qədim ərəblərin, misirlilərin və başqalarının atası olub. Nuhun birinci oğlu Sam mömin və əməlisaleh olub, öz atasından peyğəmbərlik mirası alıb, adı Şam (Suriya) diyarına ad olub. Həmin Həzrət Samın övladlarından biri Həzrət İbrahimdir. Həzrət Yafəs isə türklərin, slavyanların və “Hind-İran irqi” adı ilə bilinən digər millətlərin atasıdır. Bəzi yəhudi mənbələrinə görə, İbrahimin öz qanuni arvadı Saradan və qulluqçu Həcərdən başqa, bir də Ketura, ya da Xettura adında arvadı olub[4]. Həmin Ketura Həzrət İbrahimə altı oğul doğub. Həmin oğullar böyüdükdən sonra isə İbrahim peyğəmbər onları Şərq ölkələrinə yaşamağa göndərib. Yəni Həzrət İbrahim nəsli üç istiqamətdə yayılıb: Qüds (Saranın oğlu İshaqdan – İshaq oğulları, bu gün “yəhudi” adı ilə bilinənlər), Məkkə (Həcərin oğlu İsmayıldan – İsmayıl oğulları, bu gün “ərəb” adı ilə bilinənlər[5]) və Qüdsə nisbətlə şərq istiqamətində olan, yəni ilk başda bugünkü İraq və Cənubi Azərbaycan istiqamətində (Keturanın altı oğlu)… Çox güman ki, Məhəmməd peyğəmbərin Bağdadın Hülakü tərəfindən alınacağını (1258) xəbər verən hədisdə[6] Hülakü ordusu üçün işlənilən “Bənu-Qantura”(Qantura oğulları) ifadəsi həmin Bənu-Keturadır, yəni Ketura oğullarıdır…
Bu baxımdan üç nöqtəni (Adəm və onun oğulları Habil və Qabili) birləşdirən başıyuxarı künc şəklində təsəvvür edə biləcəyimiz Adəm Turanından və həmin formada təsəvvür edə biləcəyimiz (Nuh və oğulları Sam və Yafəsi) ifadə edən Nuh Turanından fərqli olaraq, İbrahim Turanı nəsəb/genezis etibarilə üçbucaq şəklində düşünülə bilər (İsmayıl-İshaq-Ketura oğulları). Çünki islam peyğəmbərinin sayəsində Həzrət İbrahimdən açılıb üç tərəfə yayılan İbrahim oğulları islamın qəlibində əriyərək bir-birinə qarışıb və yeni “Mənəvi İbrahim” meydana gətirib. Bu “millətlər kimyasının” Qurandakı təsviri bəlkə də Həzrət İbrahimə verilən dörd quş möcüzəsidir. Bu barədə “Bəqərə” surəsinin 260-cı ayəsində deyilir: “Və İbrahim dedi ki, ya Rəbb, mənə ölünü necə diriltdiyini göstər. Allah dedi: “Sən mənə inanmırsanmı ki, sübut istəyirsən?” İbrahim cavab verdi: “Xeyr, əksinə, inanıram, amma qəlbimin tam tətmin olmasını istəyirəm. Allah dedi: Elə isə dörd quş tut, onları özünə öyrəşdir, sonra onları doğra və parçalarını ayırıb dord ayrı dağa yerləşdir, sonra da onlar üçün dua et (ya da “onları çağır”). Görəcəksən ki, dirilib sürətlə sənin yanına qayıdacaqlar. Və bil ki, Allah əziz və həkimdir/izzət və hikmət sahibidir!”…
Bu möcüzənin tarix cəhətindəki açması bəlkə də odur ki, İbrahim peyğəmbərin dörd varisi və ya dörd qrupa ayrılan varisləri bir-biri ilə dava edərək bir-birinin qanını axıdacaq, dörd ayrı dağa çəkiləcək, sonra isə İbrahimin duası ilə təkrar barışacaq və ona qayıdacaqlar. Bu ayədəki “dörd quş” dörd övlad, dörd tayfa, din və məzhəb kimi mənalara gələ bilər, hətta bunların tamamını da ifadə edə bilər. Bunların doğranması aralarında qan axması və zorla bir-birindən ayrılmasıdır. İbrahim peyğəmbərin bunları dörd ayrı dağa yerləşdirməsi dörd istiqamət mənasına gələ biləcəyi kimi, hərfi mənada dörd dağ, dörd ölkə mənasına da gələ bilər.
Dağların dini düşüncədə xüsusi məna və dəyər daşıdığını da burada xatırlamaq lazımdır. Bir çox yüksək dağ türklər üçün nə qədər əzizdirsə, Sina dağı, Nur dağı, ərəblərin Haram əl-Qüds, musəvilərin Har-Bait/ İlahi Ev Dağı, ya da Har-Moria/Moria dağı dedikləri dağlar da ən azı o qədər əzizdir Musa və Məhəmməd peyğəmbərlərin şəriətində. Adlarını çəkdiyimiz bu dörd dağ, ya da başqa müqəddəs dağlar, onların üstündə, ya da yanında meydana gələn böyük məbədlər və o məbədlərin ətrafında təşəkkül tapan dini ənənələr də nəzərdə tutula bilər həmin “dörd dağ” obrazında…
Həzrət İbrahimin quşları dirildib geri gətirən və İbrahimin əllərində birləşdirən duasını düşünərkən bir yandan ayənin sonunda “Bil ki, Mən izzət və hikmət sahibiyəm” deyən Allahın sözlərini xatırlayır, iradə, möhkəmlik və yenilməzliyi ifadə edən izzətin və elm və təmkini ifadə edən hikmətin həmin duanın mayası olduğunu düşünürük. Bir yandan da Məhəmməd peyğəmbərin “Mən İbrahimin duasıyam!” dediyini xatırlayırıq. Yəni izzət, hikmət və islamla İbrahimin övlad və varisləri bir-birinə qovuşacaq və aralarında sülh bərqərar olacaq.
Həmin “İbrahim üçbucağından” süzülüb gələn Oğuz Xaqandan 24 dişli Oğuz Darağı əmələ gəlməkdədir. Həmin darağın dişi olan Oğuz oğullarından müxtəlif zamanlarda türk-müsəlman dövlət və təriqət xanədanları əmələ gəlib… Bu isə kökləri Göyə, meyvəli-çiçəkli budaqları isə Yerə uzanan bir bərəkət ağacıdır… Baş nöqtəsi yuxarıda olan Adəm-Nuh-İbrahim üçbucağına həmin İbrahim oğulları üçbucağını – yuxarıdan aşağıya endiyi üçün – baş nöqtəsi aşağıda olan ikinci üçbucaq əlavə etdikdə isə sufilərin “Nəcmi-Davud”, musəvilərin “Negem David” və ya “Magen David” dedikləri altıbucaq ulduz əmələ gəlir. Həmin altıbucaq ulduzun mərkəzindən – Göy və Yerin, Ata və Oğul xətlərinin kəsişib hörgüləşdiyi yerdə – keçən nurani mehvərin “başı” peyğəmbərlik nurunun mayası olan Həzrət Əhməd, “ayağı” isə həmin mayanın son bəhrəsi Həzrət Məhəmməd əleyhissəlamdır.
Turan metafizikasının bir ucunda Adəm peyğəmbərdən Məhəmməd peyğəmbərə kimi uzanan Məkkə-Qüds peyğəmbərlik ənənəsi dayanarkən, digər ucunda magiya, fetişizm və animizm, ələlxüsus “qurdpərəst” animizm düşüncəsi var. Qədim insanın bu “müqəddəs üçlüyü” o insan növünün indiki insanla müqayisədə hissiyyat baxımından daha güclü olması, mücərrəd/abstrakt həqiqətləri müəyyən varlıqlarla əlaqələndirməsi və İbn Ərəbinin vəhdəti-vücud nəzəriyyəsinin təməlində duran intuitiv və assosiativ düşüncə ilə əlaqəlidir. İbn Ərəbinin təcəlliyyat nəzəriyyəsinə görə, ilahi isimlər və həqiqətlər kainatın müxtəlif təbəqələrində, hətta hər əşyada təcəlli etməkdə, yəni öz varlığını əks etdirməkdədir. Yəni hər əşya, hadisə, zaman, məkan, insan və digər canlılar ilahi həqiqətlərin daşıyıcılarıdır. Hər bir ustanın əl işi o ustanın məharətindən xəbər verdiyi kimi, Allahın yaratdığı hər bir şeyin üstündə də Onun “barmaq izləri” var. İbn Ərəbinin bu düşüncəsi bəzi adamlar tərəfindən panteist düşüncə ilə əlaqələndirilsə də, əşyada Allahın varlığının sübutunu görmək hara, o əşyanın Allah olduğunu düşünmək hara?!
İnsan üçün həyatın bəlkə də ən bəsit formalarından biri olan çöl həyatında bütün heyvanlar kimi, qurd sadəcə heyvan deyildi, müəyyən xasiyyətin daşıyıcısı idi. Birlikdə sürü halında hərəkət edən, mərd, döyüşçü və Aşina dastanındaki kimi qayğıkeş və xilaskar idi. Bu sifətlərin hər birini ilahi sifətlərlə əlaqələndirmək mümkündür. Məsələn, birlikdə hərəkət etmə keyfiyyəti Allahın əl-Cami (birləşdirən) sifəti, döyüşçülük əl-Cəbbar (zor tətbiq edən, hətta zorla müalicə edən), əl-Ğalib (qalib), əl-Şədid (şiddətli) sifəti, mərdlik əl-Sadiq (sadiq), əl-Muin (köməkçi/gözətçi), dişi qurdda qayğıkeşliyin ifadəsi əl-Vəhhab (bəxş edən), əl-Rəzzaq (ruzi verən), əl-Muğis (sığınacaq verən), sürünün rəhbəri olan qurdda əl-Sultan (mütləq hakim) və s. kimi məna uyğunluqları görmək mümkündür…
Əlbəttə ki, müəllif qurdun Allah olduğunu söyləmir. Sadəcə qurd da Allahın məxluqu olduğu üçün Onun məxluqu olmanın əlamətlərini öz xasiyyətində daşımaqdadır…
Savadı və elmi olmayan, çöldə qurd kimi yaşayan türk öz rəhbəri olan xaqanı qurdun rəhbəri olan baş qurdla, ananı dişi qurdla eyniləşdirərək, bir rəmz kimi işlədib, ananın, ya da gəlinin olmadığı yerdə dişi qurdu görüb. Özünü qurdla eyniləşdirmək, hətta qurddan əmələ gəldiyini düşünmək ətə-sümüyə bürünüb insanın imdadına yetişən mücərrəd həqiqətlər, ya da ilahi sifətlərin varlığına inanmaq kimi bir şeydir… Quranın “təməssül ayəsinə”[7] və eləcə də bəzi hədislərə istinadən müsəlman sufilər təməssül prinsipini meydana gətiriblər[8]. Bu prinsipə görə, öz mahiyyəti etibarilə qeyri-maddi olan hər hansı bir varlıq maddi varlıq surətinə bürünərək qarşımıza çıxa bilməkdədir. Bu varlıqların başında isə… Allah gəlməkdədir. Əlbəttə ki, Allah insana, ya da bir heyvana çevrilib Yer üzünə enmir, ancaq xüsusi nurundan bir hissəyə maddi varlıq surəti qazandıraraq real bədən sahibi imiş kimi qarşımıza çıxara bilməkdədir… Bəlkə də qədim dövrdə müxtəlif ilahi isimlərin birləşməsi əsasında meydana gələn mürəkkəb metafizik strukturlar maddi surətə bürünərək insanlara görünüb, hətta Həzrət Məryəmin timsalında gördüyümüz bir mələyin gətirdiyi nurdan atasız uşaq doğmasına oxşar tərzdə onlarla “cinsi münasibət” qurub və beləcə yeni qeyri-adi nəsillərin meydana gəlməsinə səbəbiyyət verib. Bu maddi surətlərin qurd, ya da maral olması, onların ifadə etdiyi mənalar kompleksinin həmin heyvanlara uyğun olmasından irəli gələ bilər. Sonradan totemləşdirilən bu heyvanların insanla münasibət qurmasının bir başqa və bəlkə də daha real forması mələk, ya da cin kimi bir varlığın həmin heyvanın bədəninə girməsi və ona hökm edərək yerinə görə danışdırması, insanları idarə etməsi və s. düşünülə bilər.
Bəs bunun ötəsində və dərununda, qədim zamanların dərinliklərində başqa bir şey ola bilməzmi? Bəzi türk nəsillərinin həqiqətən dişi qurddan əmələ gəldiyini düşünmənin islam mənbələrində yeri varmı? Bu sualın cavabını axtararkən ağla gələn ilk şey qədim zamanlarda bəzi insanların, ya da tayfaların hansısa günaha görə heyvana çevrilməsi haqqındakı Quran ayələridir. Bu, üç ayədə (“Bəqərə”, 65, “Maidə”, 60, “Əraf”, 166) bəhsi keçən sadəcə meymunlar və donuzlardır, yəni bəzi insanların cəza olaraq meymun və donuza çevrilməsidir. Allahın hədsiz qüdrətə sahib olması baxımından bir insanın donuza, ya da meymuna çevrilməsi mümkündür. Bəs bu iki heyvandan başqa heyvan da olubmu, biz bunu bilmirik. Məsələn, bəzi nəsillərin qurdlaşması baş veribmi, bunu bilmirik. Əlbəttə ki, Allah-taala bunu“göydən enərək” öz əli ilə eləyəsi deyildi. Hər zaman olduğu kimi, bəzi hadisələr vasitəsilə eləyəcəkdi. Nuh tufanına bənzər böyük fəlakətlər, qəzalar əsnasında baş verən böyük enerji kütlələrinin boşalması ilə, ya da şüalanma qüvvəsinə malik mədənlərin təsiri ilə insan bədənində baş verən qismi, ya da tam dəyişiklik də həmin heyvanlaşmaya səbəb ola bilərdi. Nisbətən də olsa bunu mümkün göstərən bir neçə “rics[9] ayəsidir” – bəzi böyük günahlara görə insanın başına Allahın xəstəlik göndərməsi haqqındakı ayələr.[10] Bu xəstəliklərin adi xəstəlik olmadığı ondan bəllidir ki, onlar üçün “xəstəlik” mənasını daşıyan “marad” sözü əvəzinə “murdar”, hətta “nəcis” mənasını daşıyan “rics” sözü işlənib… Bəzi insanların qurddan əmələ gəlmə inancının daha fantastik izahatı qədim dövrdə hansısa üstün varlıqların, insanın irsiyyət sisteminə qurdun irsiyyətinə aid olan bəzi hissələrin əlavə olunması ehtimalıdır. Bəri başdan etiraf eləyək ki, Quranda buna dair bir işarə mövcud olsa belə biz hələ ki, elə bir işarə görməmişik.
Ənənəvi olaraq qurd obrazı əsas etibarilə Aşina/Asena nəslinin törəyişi ilə əlaqəlidir. Romul və Remin hekayəsini şübhəli dərəcədə xatırladan bu Dişi Qurd (Aşina/Asena/A-Çina və s.) əfsanəsi bir din, ya da Tanrı təsəvvürü yox, bir ailənin ölümdən qurtuluşu ilə əlaqəlidir. Ölümlə üz-üzə qalan bir körpənin məhz qurd tərəfindən xilas edilməsi bəlkə də həmin nəslin başlanğıcında da bir qurdun durması ilə əlaqəli ola bilər. Çünki gec-tez hər bir şey öz əslinə dönməkdədir və hər bir şeyin bərpası onu öz əslinə döndürməklə mümkündür. Bundan əlavə, türklər sadəcə qurda deyil, bir çox başqa heyvana və quşa xüsusi diqqət yetiriblər, onlara da öz rəmzlər sistemində yer ayırıblar. Oğuz Xaqanın nəslindən gələn 24 türk tayfasının hər biri üçün ayrı bir yırtıcı quşu rəmz qəbul ediblər (məsələn, Bayat tayfası üçün bayquşu seçiblər). Yırtıcılığı, hürriyyəti və birgə hərəkət eləməyi təmsil edən Qurddan başqa, əsalət və yüksək mənsəbi təmsil edən Maral[11], möhkəmliyi təmsil edən Qabanı da rəmz kimi işlədiblər. Bunların surətlərini öz tayfa və dövlət rəmzlərində istifadə ediblər. Təsadüfi deyil ki, hun və skiflərdən əmələ gələn Avropa zadəganları öz gerblərinə həmin varlıqları daxil edib. Ancaq biz burada həmin mövzunu uzatmadan islam mənbələrində öküz və qurdla əlaqəli gördüyümüz bəzi məlumatı vermək istərdik.
(Ardı var)
[1] “Fülk” sözü həm tək, həm də bir neçə gəmi üçün istifadə olunur (“Mücəm əl-Vəsit” lüğəti, s. 701). Quranın “Yasin” surəsinin 41-ci ayəsində Nuhun adı çəkilməsə də, bütün bəşər zürriyyətinin (övladlarının) dopdolu fülkə mindirilməsindən danışılır. Belə geniş miqyaslı hadisə isə bizim məlumatımıza görə ancaq Həzrət Nuh vaxtında olub ki, Tufandan qurtulan bir neçə nəfər yeni bəşəriyyətin atası olublar. Bu isə bütün bəşər övladlarının həmin bir neçə insan vasitəsilə fülkə mindirilməsi deməkdir.
[2] Bu oğul haqqında Bibliyada məlumat verilmir. Quranın “Hud” (11) surəsinin 42-43-cü ayələrində isə deyilir: “Dağ boyda olan dalğaların arasında gəmi öz sərnişinlərini toplayırdı. Nuh qıraqda qalan öz oğluna səsləndi: “Övladım, gəl bizimlə, kafirlərə qoşulma!” Oğul isə cavab verdi: “Mən bir dağa sığınıb qurtulacağam!” Nuh cavab verdi: “Bu gün Allahın mərhəmətinə layiq görülən adamlardan başqa kimsə xilas tapa bilməyəcək!” O an ata ilə oğul arasına bir dalğa girdi və oğul suda boğuldu”. Həmin surənin 45-ci ayəsində isə Həzrət Nuh həmin oğlunun xilası üçün Allaha yalvararkən Allahdan: “Xeyr, o sənə layiq deyil… Bilmədiyin şeyi məndən istəmə!” cavabını eşitməkdədir.
[3] Həmin səbəbə görə rus dilində “xam” sözü “mərifətsiz” mənasında işlənməkdədir.
[4] Bibliyanın birinci kitabı (Bereşit/Бытие) 25-ci bölüm.
[5] Həzrət İsmayıldan əvvəlki ərəblər Kənanın nəslindəndir.
[6] Əbu Davud, “Sünən”, Məlahim, 10 (İ.Canan, “Hadis Ansiklopedisi Kütüb-i Sitte”, hədis№ 4768, C. 13, s. 213).
[7] Quran, “Məryəm” surəsi (19) 17, yəni Həzrət Cəbrailin insan sürətinə bürünərək, Həzrət Məryəmə Həzrət İsanın anası olacağına dair müjdə verməsi haqqındakı ayədə Cəbrail haqqında “fətəməssələ ləha bəşəran səviyyə” – “Məryəm üçün, adi insan surətinə bürünüb göründü” deyilməkdədir. Sufilər həmin “fətəməssələ” sözündən və bu hadisənin özündən ilham alaraq, belə bir şeyin prinsipcə mümkün olduğunu düşünüblər. Bu təməssülün başqa nümunəsi Həzrət Cəbrail kimi qeyri-maddi varlıqların insan surətinə bürünərək Məhəmməd peyğəmbərin yanına gəlməsi, onun məclislərində iştirak etməsi, hər kəsin yanında onunla söhbət etməsidir.
[8] Xristian ilahiyyatında buna teofaniya (rusça: boqoyavleniye) deyilməkdədir.
[9] Rics – murdarlıq, məişət dilində nəcis mənasında işlənilir. İnsanın başına bəla olan bəzi xəstəliklərin Yer kürəsinə yağan göy cisimləri vasitəsilə Göydən Yerə göndərilmiş olması mümkündür.
[10] “Ənam”, 125, “Əraf”, 71, “Yunus”, 100, “Tövbə”, 125.
[11] N.Dalkesen, “Orta Asiyadan Anadoluya türk kültüründe geyik kültü” (Milli Folklor, 2015, İl 27, № 106).