Prezident İlham Əliyev beşinci Milli Məclisi buraxıb və 2020-ci il fevralın 9-na növbədənkənar parlament seçkisi təyin edib. Sərəncam dekabrın 5-də imzalanıb.
Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Prezidentin sorğusu əsasında müraciəti araşdıran Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılması təşəbbüsünü ana qanuna uyğun sayıb. Qərar dekabrın 4-də elan olunub.
Növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməli idi. Milli Məclisin buraxılması və növbədənkənar seçki prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının təşəbbüsüdür.
Novator.az bildirir ki, 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda indiyədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də.
Milli Məclisin birmandatlı dairələrdən seçilən 125 deputatı var. 18 yaşına çatmış Azərbaycan vətəndaşı deputat seçilə bilər.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atmaq hüququ var.
Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış dərc edilir.
Seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər. Qeydə alınmış namizədə müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin etmək hüququ verilir. Namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək haqqı da var.
Seçki fondu vəsaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.
Rəsmi namizəd yalnız baş prokurorun razılığı ilə məsuliyyətə cəlb edilə bilər.
Siyasi partiya və siyasi partiyalar bloku səsvermə gününə ən geci 10 gün qalanadək istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək namizədi geri çağırmaq hüququna malikdir.
Seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.
Seçkinin yekunlarını Konstitusiya Məhkəməsi yoxlayıb təsdiqləyir.