Konstitusiya Məhkəməsi Plenumunun 4 dekabr qərarının tam mətni yayılıb.
Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkinin təyin olunması üçün prezident İlham Əliyevə müraciət edib. Həmin gün dövlət başçısı qərarın konstitusiyaya uyğun olub-olmadığına aydınlıq gətirilməsi məqsədilə Konstitusiya Məhkəməsinə sorğu göndərib.
Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də keçirilən iclasında sorğuya müsbət cavab verilib. Qərara əsasən, Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında prezidentə müraciət və Milli Məclisin buraxılması konstitusiyanın 98-1-ci maddəsinin 1-ci hissəsinə uyğun sayılıb.
Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci il noyabrın 1-də keçirilib.
Prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə çoxluğa malik Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması və növbədənkənar seçkinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsəydi, parlament seçkisi 2020-ci il noyabrın 1-də olacaqdı.
Azərbaycan prezidenti Milli Məclisi buraxacağı halda 60 gün ərzində yeni parlament seçkisi keçirilməlidir.
Novator.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi Plenumunun 4 dekabr qərarında qeyd edilir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi, növbədənkənar seçki zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcədə saxlanması zəruridir.
Bildirilir ki, Azərbaycan Konstitusiyasının 111-ci maddəsinə əsasən, prezident ölkə ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycana müharibə elan etdikdə, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda ölkənin bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir.
Həmçinin vurğulanır ki, konstitusiyanın 112-ci maddəsinə görə, prezident təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə yönəldilən hərəkətlər edildikdə, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə ölkənin ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqinə verir.
Konstitusiya Məhkəməsi bildirir ki, Milli Məclisin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün prezidentin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması və bu kimi həyati əhəmiyyətli funksiyaların həyata keçirilməsi ilə də bağlıdır, buna görə həmin funksiyaların icrası ilə bağlı Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanması zəruri hesab edilməlidir.
O da qeyd edilir ki, Milli Məclisin deputatları Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər və parlament buraxıldıqdan sonra da həmin səlahiyyətlərin müvəqqəti saxlanması zəruri sayılır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Milli Məclisin yeni çağırışı fəaliyyətə başlayanadək müstəsna olaraq Azərbaycan Konstitusiyasının 111-ci və 112-ci maddələrində, 95-ci maddəsinin I hissəsinin 16-cı (prezidentin təqdimatına əsasən Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi) və 17-ci (prezidentin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi) bəndlərində nəzərdə tutulmuş səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün Milli Məclisin müvafiq səlahiyyətlərinin saxlanması zəruridir.