Milli Məclis “Tibbi sığorta haqqında” qanuna dəyişiklikləri son oxunuşda qəbul edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, yeniliyə görə, 2020-ci il yanvarın 1-dən dövlət büdcəsinin vəsaiti hesabına bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqı ayrılacaq. Proses mərhələlərə bölünməklə aparılacaq.
Qanuna görə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta haqqı ödəyəcək. 2021-ci ildən həmin sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı nəzərdə tutulur.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib. Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisnadır.
Dövlət büdcəsi hesabına ödənilən icbari tibbi sığorta haqları, tütün məmulatları, alkoqollu və energetik içkilərə tətbiq edilən sığorta haqları istisna olmaqla digər icbari tibbi sığorta haqlarının 1 aprel 2020-ci ildən toplanması nəzərdə tutulur.
2023-cü ildən müstəqil ödəyicilər üzrə təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta haqqı qüvvəyə minəcək.
2017-ci ilin yanvarından ölkədə icbari tibbi sığortanın pilot layihə şəklində həyata keçirilməsinə başlanıb. Pilot layihə ilk olaraq Mingəçevir şəhərini və Yevlax rayonunu əhatə edib, 2018-ci ildən Ağdaş rayonunun ərazisində də tətbiq olunub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təklifinə əsasən, 2020-ci ilin yanvar-mart aylarında icbari tibbi sığorta Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarında tətbiq ediləcək.
Aprel-iyun aylarında Gəncə və Naftalan şəhərləri, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Beyləqan rayonları sistemə qoşulacaq.
İyul-sentyabr aylarında icbari tibbi sığorta Şirvan şəhərini, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarını əhatə edəcək.
Oktyabr-dekabr aylarında Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun əhalisi icbari tibbi sığorta sistemindən yararlanacaq.
Naxçıvan Muxtar Respublikasında bu işə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsuldur.