Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçiriləcək 4 dekabr iclası ərəfəsində ölkənin Dağlıq Qarabağ münaqişənin həllinə dair mövqeyini açıqlayıb. AZƏRTAC xəbər verir ki, nümayəndəlik münaqişənin ATƏT-in Minsk qrupu formatında siyasi yollarla həllinə sadiq qalındığını ifadə edib: “Münaqişənin həlli üçün hüquqi və siyasi əsaslar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 (hamısı 1993-cü ildə qəbul olunub) saylı qətnamələrində, həmçinin ATƏT-in müvafiq sənədlərində və qərarlarında təsbit olunub. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında mümkündür.
Azərbaycan münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, xüsusən 1994-cü ilin Budapeşt sammitinin qərarlarına söykənən mərhələli yanaşmaya sadiqdir. İlk addım münaqişənin fəsadlarının aradan qaldırılmasıdır. Bu, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, didərgin düşmüş azərbaycanlı əhalinin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması və bu ərazilərdəki əmlakların onlara qaytarılması, bölgədə bütün kommunikasiyaların açılması ilə nəticələnəcək.
Həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq Dağlıq Qarabağ bölgəsinin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Bu status erməni və azərbaycanlı icmaların bölgədə dinc yanaşı yaşamasını təmin edəcək və insan hüquqları və əsas azadlıqlarının təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə olaraq qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir”.
Novator.az bildirir ki, 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
1981-ci il iyunun 16-da Azərbaycan Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib. Həmin qanuna görə, Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və vilayət tabeli Stepanakert şəhəri vardı.
1988-ci il fevralın 13-dən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağın qanunverici orqanı SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb, bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb.
Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edib. Şuşa rayonu əvvəlki statusunda qalıb, Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert rayonu Ağdərə rayonu, Martuni rayonu Xocavənd rayonu adlandırılıb.
Xocalı rayonu yaradılıb, Əsgəran rayonu onun tərkibinə, Hadrut rayonu Xocavənd rayonunun tərkibinə verilib.
Azərbaycan parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən və onun ətrafındakı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Bu quruma həmsədrlər ABŞ, Fransa, Rusiyadan əlavə Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Dekabrın 4-ü Slovakiyanın paytaxtı Bratislavada Azərbaycanın və Ermənistanın xarici işlər naziri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın görüşü olacaq. Görüşə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) vasitəçilik edəcək.
Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.