1997-ci il avqust ayının 2-dək şəhid olmuş şəxslərin vərəsələrinə prezident İlham Əliyevin 2018-ci il aprelin 19-da və 2019-cu il yanvarın 28-də imzaladığı fərmanlarla 11 min manat birdəfəlik ödəmə verilir. Ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, dekabrın 3-dək 11 min 791 şəhidin 17 min 558 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib.
1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanun qüvvəyə minib və həmin dövrdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsi həyata keçirilib.
Hərbi qulluqçu 11 min manat məbləğində sığorta edilir. Sığorta olunan şəxs həqiqi hərbi xidmətdə (toplanışda) həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə; həqiqi hərbi xidmət (toplanış) zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxılandan sonra üç il müddətində öldükdə; həqiqi hərbi xidmətdə (toplanışda) xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) onun vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilir.