Prezident İlham Əliyev dekabrın 2-də Bakıya səfərə gələn Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev iki ölkənin xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin yaxşı ənənəyə çevrildiyini vurğulayıb: “Əlbəttə, ton verən prezidentlərdir. Bu il, beynəlxalq tədbirlərdə ünsiyyətimizi saymasaq, iki dəfə görüşmüşük – Pekində və Soçidə. Prezidentlər bizim münasibətlərin inkişafına ton verirlər və ilə yekun vurarkən qeyd edirik ki, bu il bizim münasibətlərimiz üçün çox uğurlu olub. Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik. Azərbaycan nümayəndə heyəti tam heyətdə Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verib və beləliklə, həmrəyliyini bildirib. Biz də həmişə beynəlxalq strukturlarda bizi narahat edən məsələlərlə bağlı Rusiya Federasiyasının dəstəyini hiss edirik.
Bu il iqtisadi baxımdan da uğurlu olub. Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik. Bu, əmtəə dövriyyəsini və qarşılıqlı səfərləri xeyli artırmağa imkan verəcək.
Səfər çərçivəsində biz Ermənistanla Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq. Təəssüf ki, bu istiqamətdə nəzərəçarpacaq nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm siz tərəfdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfdən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz”.
Sergey Lavrov qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsi sürətlə artır: “Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir.
Həm regional, həm qlobal, həm də universal beynəlxalq təşkilatlarda əməkdaşlığımıza gəldikdə, biz sıx qarşılıqlı fəaliyyəti, həmişə bir-birinin mövqelərini nəzərə almaq istəyini çox yüksək qiymətləndiririk. Biz bundan sonra da ortaq mövqelərimizin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik. Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində, həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır”.