Dekabrın 2-də Milli Məclisin növbəti iclası keçirilib.
İclasda Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkisinin təyin olunması üçün prezidentə müraciət edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Deputatların əksəri gündəliyə çıxarılan məsələni dəstəkləyib və Milli Məclisin buraxılması, yeni parlament seçkisinin təyin olunması üçün dövlət başçısına müraciət qəbul olunub.
Qərar 99 səslə qəbul edilib. 1 nəfər bitərəf qalıb, 1 nəfər qərarın əleyhinə səs verib.
Hazırda Milli Məclisin 117 deputatı var.
Təşəbbüsün müəllifi prezident İlham Əliyevin sədrlik etdiyi, parlamentdə 68 deputatla təmsil olunan Yeni Azərbaycan Partiyasıdır. Partiya bu təklifini noyabrın 28-də ictimailəşdirmiş və bunu dövlət başçısının islahatlar kursuna, kadr islahatlarına dəstək məqsədilə əsaslandırmışdı.
Parlamentin 2 dekabr iclasının qərarında qeyd olunur ki, Azərbaycanda həyata keçirilən köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: “Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmə orqanlarında, dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan struktur və kadr islahatları rəğbətlə qarşılanır.
Bu islahatların daha da sürətləndirilməsi və bütün dövlət hakimiyyəti qollarını əhatə etməsi üçün Milli Məclisin də fəaliyyətinin təkmilləşdirilməsinə, səmərəliliyinin artırılmasına, yenilənməsinə, ölkənin dinamik inkişafı və hərtərəfli dərin islahatlar strategiyasına uyğunlaşdırılmasına ehtiyac duyulur”.
Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci il noyabrın 1-də keçirilib. Milli Məclisin buraxılması gündəmə gəlməsəydi, növbəti seçki 2020-ci il noyabrın 1-də olacaqdı.
2016-cı ildə konstitusiyaya əlavə olunmuş 98-1-ci maddəyə görə, Azərbaycan prezidenti Milli Məclisi buraxa bilər.
Milli Məclisə seçkinin təyin edilməsi prezidentin səlahiyyətindədir. Seçki haqqında qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilməlidir.
Yeni Azərbaycan Partiyasının deputatları
Növbədənkənar seçki təklifi necə qarşılanır?