Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən İlham Əliyev deyib: “Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Siz on ildən çoxdur direktor müavini vəzifəsində işləyirsiniz, təcrübə toplamısınız. Mən qərara gəldim ki, sizi icraçı direktor vəzifəsinə təyin edim. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.
Dövlət Neft Fondu bizim strateji aktivimizdir. Onun vəsaiti – orada toplanan, neftdən əldə edilmiş və hazırda artıq qazdan əldə edilmiş gəlirlər ölkəmizin ümumi inkişafını böyük dərəcədə şərtləndirir.
Biz ölkə qarşısında duran önəmli sosial layihələri icra edə bilmişik. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məhz Dövlət Neft Fondunun vasitəsilə icra edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Hər il Dövlət Neft Fondundan büdcəyə edilmiş transfertlər hesabına sosial layihələri icra edə bilirik, bu, maaşların, pensiyaların, müavinətlərin artırılmasına imkan yaradır. Eyni zamanda ölkəmiz üçün strateji sayılan sahələri də Neft Fondu maliyyələşdirir.
Dövlət Neft Fondu ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyətə malik olan bir qurumdur. Eyni zamanda fondumuzun beynəlxalq imici də çox müsbətdir. Dövlət Neft Fondu dünyadakı suveren fondlar arasında ən şəffaf, ən səmərəli işləyən fondlardan biridir. Buna oxşar bəzi fondlar son vaxtlar böyük itkilərə məruz qalıb, çünki onlar çox riskli siyasət aparırdılar, daha çox pul qazanmaq əzmində idilər. Bizim isə yanaşmamız, – mən bunu həmişə demişdim, – konservativ olmalıdır, mühafizəkar olmalıdır. Bizim əsas vəzifəmiz vəsaiti qorumaqdır və vəsaiti riskli olmayan alətlərə yatırmaqdır. Biz indi artıq çoxşaxəli valyuta səbətini əldə etmişik və burada da valyuta məzənnəsinin dəyişkənliyi bizim vəsaitimizə təsir etmir. Biz qızıla böyük yatırım etmişik, daşınmaz əmlaka böyük yatırım etmişik, fondun vəsaiti coğrafi baxımdan da çoxşaxəlidir. Yəni biz özümüzü mümkün olan bütün risklərdən qoruduq. Ən önəmlisi ondan ibarətdir ki, 20 il ərzində biz vəsait itirmədik və fondun vəsaitini ildən-ilə artırırıq. Hətta böhranlı, devalvasiyaya uğradığımız illərdə də fondun vəsaiti azalmadı. Mən imkan vermədim. Biz xərcləri azaltdıq, böyük qənaət tədbirlərinə yol açdıq, strateji valyuta ehtiyatlarımızı qoruduq və onları artırdıq.
Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu göstərici məhz ona görə önəmlidir ki, ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “AzəriLayt” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik.
Mən fondun fəaliyyətini yüksək qiymətləndirirəm. Məhz buna görə fondun icraçı direktoru Şahmar Mövsümov prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Əminəm ki, o, köməkçi kimi islahatların dərinləşdirilməsi istiqamətində önəmli rol oynayacaq.
Sizə isə tövsiyəm ondan ibarətdir ki, əldə olunmuş uğurları davam etdirəsiniz. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik”.