Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası noyabrın 28-də indiki parlamentin buraxılması təşəbbüsü ilə çıxış edib.
Azərbaycanda növbəti parlament seçkisi 2020-ci il noyabrın 1-də keçirilməlidir. 2016-cı ildə konstitusiyaya əlavə olunmuş 98-1-ci maddəyə görə, Azərbaycan prezidenti Milli Məclisi buraxa bilər.
Milli Məclisə seçkinin təyin edilməsi prezidentin səlahiyyətindədir. Seçki haqqında qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilməlidir.
Novator.az Facebook.com-da Yeni Azərbaycan Partiyasının təşəbbüsünə necə reaksiya verilməsinə nəzər salıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edir ki, indiki parlament xalqın səsverməsi, iradəsi ilə yaranmadığı üçün buraxılmalıdır: “Amma bunun əvəzində yenə eyni və ya oxşar parlamentin yaranmaması üçün əvvəlcə ciddi seçki islahatları həyata keçirililməlidir. Seçki islahatları təkliflərinin qəbul olunmasını, yalnız bundan sonra növbədənkənar seçkilərin keçirilməsini tələb edirik”.
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli yazır: “Parlament ona görə seçkiyə 1 ildən də az qalmış buraxılır ki, rejim seçkini qəfil və qışın ən soyuq aylarında keçirdib növbəti dəfə saxtalaşdırsın. Başa düşürlər ki, indi etiraz elektoratının sayı günbəgün artır, xalq çox sürətlə təşkilatlanır. Gələn ilin payızına kimi ölkədə qüvvələr nisbətinin necə dəyişəcəyini hökumət də bilmir. Ona görə də tələsirlər.
Yaranmış yeni situasiya və nə etməli olduğumuz Milli Şura və AXCP strukturlarında ciddi müzakirə olunacaq. Ancaq bir şeyi əminliklə deyə bilərəm. Bunlardan islahat, azad seçki, filan gözləməyin. Daha bir seçkini oğurlamağa çalışırlar”.
Respublikaçı Alternativ Partiyasının liderlərindən olan Natiq Cəfərli yazır ki, ölkə ciddi dönüş nöqtəsinə qədəm qoyur – növbədənkənar parlament seçkisi məmləkətin qurtuluşu üçün son şansdır: “Məsuliyyətli olmalı, müxalif düşərgə olaraq buna ciddi hazırlaşmalıyıq. Bu şansı qaçırsaq, ölkədə xaosa qapı aralanacaq.
Hakimiyyət də öz məsuliyyətini dərk etməlidir – bu seçkini də ənənəvi olaraq total saxtakarlıqla keçirəcəklərsə, qaçılmaz olan xaosun məsuliyyəti ancaq indiki iqtidarın üzərində qalacaq”.
İqtisadçı Rövşən Ağayev qeyd edir ki, cəmiyyətin bütün tərəqqipərvər qüvvələri bu şansı maksimum dəyərləndrməlidir: “Yeni və erkən parlament seçkisi bizim üçün tarixi bir şansdır. Yenə də uduzsaq, bir neçə onilliyimizi uduzmuş olacağıq”.
Siyasətçi, politoloq Azər Qasımlı yazır ki, prezident İlham Əliyevin son 3 ildə atdığı addımlar – 2016-cı ilin konstitusiya referendumu, 2017-ci ildə Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi, hakimiyyətdəki oliqarxların siyasi səhnədən kənarlaşdırılması, eləcə də Mehriban Əliyevanın son Moskva səfəri Azərbaycanda hakimiyyətin transformasiyası və birinci vitse-prezidentə ötürülməsinə dəlalət edir: “2016-cı ildə tez-tələsik referendum, 2018-ci ildə tez-tələsik prezident seçkisi keçirdilər, indi də tez-tələsik parlament seçkisi keçirmək istəyirlər. Cəmiyyət və müxalifət yenə də pat vəziyyətindədir”.