Milli Məclis buraxılır
- 28 Noyabr 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Noyabrın 28-də iclas keçirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisdə təmsil olunan YAP üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyəsi verib.
Siyasi Şura bunu prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədilə əsaslandırıb.
Yeni Azərbaycan Partiyasının parlamentdə təmsil olunan üzvləri həmin gün keçirdikləri toplantıda tövsiyəni məqbul sayaraq prezidentə və parlamentə müraciət ediblər.
1992-ci ildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına 2005-ci ildən prezident İlham Əliyev sədrlik edir. Partiya parlamentdə 68 deputatla təmsil olunur.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurası qurultaylar arasında partiyanın fəaliyyətinə rəhbərlik edən orqandır.
Novator.az bildirir ki, Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir, parlament seçkisi hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. İndiki parlament 2015-ci il noyabrın 1-də seçilib, növbəti seçki 2020-ci ilin eyni gününə düşür.
2016-cı ildə konstitusiyaya əlavə olunmuş 98-1-ci maddəyə görə, Azərbaycan prezidenti Milli Məclisi buraxa bilər. Bu, Milli Məclisin eyni çağırışının bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərməsi; Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri qanunla müəyyənləşmiş müddətdə təyin etməməsi; habelə konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etməməsi hallarında mümkündür.
94-cü maddəyə görə, Milli Məclis bu məsələlərə dair ümumi qaydalar müəyyən edir:
1) konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;
2) Azərbaycan Respublikası prezidentinin seçkiləri;
3) Milli Məclisə seçkilər və Milli Məclisin deputatlarının statusu;
4) referendum;
5) məhkəmə quruluşu və hakimlərin statusu; prokurorluq; vəkillik və notariat;
6) məhkəmə icraatı, məhkəmə qərarlarının icrası;
7) bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu;
8) fövqəladə vəziyyət rejimi; hərbi vəziyyət rejimi;
9) dövlət təltifləri;
10) fiziki və hüquqi şəxslərin statusu;
11) mülki hüquq obyektləri;
12) əqdlər, mülki müqavilələr, nümayəndəlik və vərəsəlik;
13) mülkiyyət hüququ, o cümlədən dövlət, xüsusi və bələdiyyə mülkiyyətinin hüquqi rejimi, əqli mülkiyyət hüququ; digər əşya hüquqları; öhdəlik hüququ;
14) ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq;
15) maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər;
16) əmək münasibətləri və sosial təminat;
17) cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi;
18) müdafiə və hərbi qulluq;
19) dövlət qulluğu;
20) təhlükəsizliyin əsasları;
21) ərazi quruluşu; dövlət sərhədi rejimi;
22) beynəlxalq müqavilələrin təsdiqi və ləğvi;
23) rabitə və nəqliyyat işi;
24) statistika, metrologiya və standartlar;
25) gömrük işi;
26) ticarət işi və birja fəaliyyəti;
27) bank işi, mühasibat, sığorta.
95-ci maddədə Milli Məclisin həll etdiyi məsələlər belə sıralanır:
1) Milli Məclisin işinin təşkili;
2) prezidentin təqdimatı ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis edilməsi;
3) inzibati ərazi bölgüsü;
4) dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi;
5) prezidentin təqdimatına əsasən dövlət büdcəsinin təsdiq edilməsi və onun icrasına nəzarət;
6) prezidentin təqdimatı ilə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin seçilməsi;
7) prezidentin təqdimatına əsasən Azərbaycan Respublikasının hərbi doktrinasının təsdiqi;
8) konstitusiyada nəzərdə tutulmuş hallarda prezidentin fərmanlarının təsdiqi;
9) prezidentin təqdimatına əsasən baş nazirin vəzifəyə təyin edilməsinə razılıq verilməsi;
10) prezidentin təqdimatına əsasən Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi;
11) prezidentin təqdimatına əsasən baş prokurorun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
12) Konstitusiya Məhkəməsinin təqdimatına əsasən prezidentin impiçment qaydasında vəzifədən kənarlaşdırılması;
13) prezidentin təqdimatına əsasən hakimlərin vəzifədən kənarlaşdırılması;
14) Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi;
15) prezidentin təqdimatına əsasən Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
16) prezidentin təqdimatına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq verilməsi;
17) prezidentin müraciətinə əsasən müharibə elan edilməsinə və sülh bağlanmasına razılıq verilməsi;
18) referendum təyin edilməsi;
19) amnistiya.
20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.
96-cı maddənin II hissəsinə görə, prezidentin, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur. III hissədə belə qanun və ya qərar layihələrində dəyişikliklərin qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə mümkün olduğu bildirilir.
IV hissəyə əsasən, qanunvericilik təşəbbüsü qaydasında prezidentin, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Milli Məclisə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur. V hissəyə görə, qanun və ya qərar layihəsini prezident, Ali Məhkəmə, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.
Ana qanunun 97-ci maddəsinə əsasən, qanunlar qəbul edildiyi gündən 14 gün müddətində prezidentə imzalanmaq üçün təqdim edilir. Təcili elan olunan qanun layihəsi imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim olunmalıdır.