Azərbaycanda uşağın anadan olmasına 200 manat birdəfəlik müavinət düşür. 18 yaşa qədər şəxslərə hər ay uşaq pulunun verilməsi 2006-cı ildən dayandırılıb.
İqtisadçı Qubad İbadoğlu uşaq pulunun ödənməsini mümkün sayır. Novator.az bildirir ki, o, 2020-ci ilin büdcəsində iki maliyyə qaynağına nəzər salaraq yazır: “Əmək və əhalinin sosial müdafiəsi naziri uşaq pulunu vermək üçün 3,3 milyard manat tələb olunduğunu qeyd edərək bu qədər vəsaitin gələn ilin büdcəsindən ayrılmasını mümkünsüz sayır. Uşaq pulunun ödənməsi üçün 2020-ci il büdcəsindən iki maliyyə qaynağını təqdim edirəm. Hər iki qaynaq potensial korrupsiya mənbəyidir, şəffaflıq və hesabatlılığa kölgə salır.
Növbəti ilin dövlət büdcəsində malların (işlərin və xidmətlərin) satın alınması bölməsi 7,6 milyard manat məbləğində nəzərdə tutub. Büdcə zərfinin təhlili həmin vəsaitin 45,6 faizinin sair xərclər və istehlak yönümlü xərclər üzrə proqnozlaşdırıldığını göstərir. Bu o deməkdir ki, 3,5 milyard manatlıq vəsait sair xərclər və istehlak yönümlü xərclər adı ilə qapalı saxlanır, yəni bu xərc maddəsi üzrə 3,5 milyard manat hələ bölüşdürülməyib.
Hesablama Palatası bildirir ki, 2020-ci ilin dövlət büdcəsi layihəsində birdəfəlik təyinatlı xərclər üzrə 4 milyard 602,1 milyon manat nəzərdə tutulub. 2020-ci il üçün nəzərdə tutulmuş birdəfəlik təyinatlı xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 17,1%-dir. Birdəfəlik təyinatlı xərclər üzərində son təyinatı icra hakimiyyəti müəyyənləşdirir. Bu xərc maddəsi də bölüşdürülməyib.
Odur ki, rəhbərlər istəsə, uşaq pulunun ödənməsi üçün 2020-ci ilin büdcəsini rasionallaşdırıb vəsait ayıra bilərlər. Hələ də gec deyil”.