Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvindən 28 il ötür.
Novator.az bildirir ki, 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.
1981-ci il iyunun 16-da Azərbaycan Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib. Həmin qanuna görə, Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və vilayət tabeli Stepanakert şəhəri vardı.
Dağlıq Qarabağ Muxtar Vilayətində dövlət hakimiyyəti orqanı Xalq Deputatları Soveti sayılıb, bu qurum gizli səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında iki il yarım müddətinə seçilib.
Muxtar vilayətin ərazisi Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin razılığı olmadan dəyişdirilə bilməzdi.
1988-ci il fevralın 13-dən Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb. Fevralın 20-də Dağlıq Qarabağın qanunverici orqanı SSRİ, Azərbaycan və Ermənistan hakimiyyətləri qarşısında vəsatət qaldırıb. Vəsatətdə vilayətin Ermənistana birləşdirilməsi istəyi yer alıb, bununla separatçı hərəkat açıq hərbi təcavüzə çevrilib.
1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb.
Həmin il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edib. Həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb.
Şuşa rayonu əvvəlki statusunda qalıb, Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert rayonu Ağdərə rayonu, Martuni rayonu Xocavənd rayonu adlandırılıb.
Xocalı rayonu yaradılıb, Əsgəran rayonu onun tərkibinə, Hadrut rayonu Xocavənd rayonunun tərkibinə verilib.
Azərbaycan parlamentinin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.
1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Xankəndi şəhəri, Şuşa, Xocalı rayonları tam, Xocavənd rayonu, keçmiş Ağdərə rayonu qismən və onun ətrafındakı Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam, Ağdam, Füzuli, Cəbrayıl rayonları qismən ermənilərin əlinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.
Dağlıq Qarabağdakı işğalçı rejim özünü “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax Respublikası” adlandırır. 1991-ci ildən bəri işğalçı rejim Dağlıq Qarabağda 3 “referendum”, 5 “prezident seçkisi”, 6 “parlament seçkisi”, 7 “bələdiyyə seçkiləri” keçirib.