Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup noyabrın 25-də yeni siyahı açıqlayıb. Novator.az-ın məlumatına görə, İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Xalid Ağalıyev, Rövşən Hacıbəyli və başqalarının təmsil olunduğu qrupun siyahısında 112 nəfər var.
Siyahıda 5 jurnalist və bloqçu yer alır: Araz Quliyev, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli, Polad Aslanov.
Siyasi məhbus sayılanların 7-si siyasi və ictimai fəaldır: Fuad Əhmədli, Orxan Baxışlı, Mirfeyzulla Seyidov (ev dustağıdır), Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Paşa Umudov.
İşçi Qrup Gəncə işi üzrə 48 nəfəri, 45 inanclı fəalı siyasi məhbus sayır.
Siyahıdakı dustaqların 1-i siyasi girov (xaricdən yayılan “Turan TV”nin əməkdaşı Türkel Azərtürkün bacanağı Emin Saqiyev), 3-ü Səid Dadaşbəyli qrupundan, 3-ü ömürlük məhkumdur.
2018-ci il iyulun 3-də həmin vaxt Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı işləyən Elmar Vəliyev və Gəncə Şəhər Baş Polis İdarəsinin serjantı Qasım Aşbazov odlu silahla vurulub. Hadisəni Rusiya Federasiyasının vətəndaşı olan gəncəli Yunis Səfərovun törətdiyi açıqlanıb. Rəsmi versiyaya görə, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. Yunis Səfərov elə həmin gün tutulub.
İyulun 10-da 150-200 nəfər Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə aksiya keçirməyə cəhd göstərib. Rəsmi versiyaya görə, dini radikallar olan həmin şəxslər polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstəriblər, bu zaman polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov həlak olublar.
Gəncə hadisələrinə görə ümumilikdə 60 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Avropa Şurasının meyarlarına görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.