Noyabrın 21-25-də Rusiyada rəsmi səfərdə olan birinci vitse-prezident Mehriban Əliyeva TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana TASS, “Rossiyskaya qazeta” və “Rossiya 24” telekanalı üçün müsahibə verib.
O qeyd edib ki, iki ölkəni möhkəm dostluq və mehriban qonşuluq ənənələri bağlayır: “Bu gün biz Azərbaycan-Rusiya münasibətlərini strateji tərəfdaşlıq kimi səciyyələndiririk. Hazırda ölkələrimiz arasında münasibətlər öz tarixi ərzində ən yüksək səviyyədədir.
Fəal siyasi dialoq mövcuddur, Azərbaycan və Rusiya prezidentləri arasında mütəmadi görüşlər bizim münasibətlərin çoxvektorluluğunu təyin edir və demək olar ki, bütün sahələrdə qarşılıqlı əlaqələrin inkişafına təkan verir.
Səfərim dolğun, maraqlı oldu. Əlbəttə, ilk növbədə Rusiya prezidenti ilə görüşümü qeyd etmək istəyirəm. Bu, ikitərəfli münasibətlərin bir çox aspektlərini müzakirə etmək üçün gözəl fürsət idi. Görüş zamanı Rusiya prezidenti mənə “Dostluq” ordenini təqdim etdi. Bu mükafatı almaq mənim üçün böyük şərəfdir, mən onu Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsinin daha bir təsdiqi kimi qiymətləndirirəm. Şadam ki, bizim strateji tərəfdaşlığımızın inkişafı işində mənim də müəyyən töhfəm var.
Rusiya-Azərbaycan münasibətləri çox geniş spektri əhatə edir. Buraya iqtisadi blok, humanitar sahədə qarşılıqlı fəaliyyət daxildir. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir.
İqtisadi sahəyə, bu sahədə qarşılıqlı əlaqələrə nəzər salsaq, burada uğurlu qarşılıqlı fəaliyyət artıq öz bəhrələrini verir. Rusiya Azərbaycanın ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalına görə birinci yeri tutur. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin durmadan artması müşahidə olunur. Ötən il Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 19 faiz artaraq 2,6 milyard dollara bərabər olub. Cari ilin doqquz ayı ərzində bu göstəricinin 26 faizə çatması müşahidə olunur.
Qarşılıqlı sərmayə qoyuluşu göstəriciləri də yaxşıdır. Rusiyanın Azərbaycanda sərmayə qoyuluşunun həcmi 4,9 milyard dollardır. Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar investisiya yatırıb.
Tranzit-nəqliyyat sistemi bizim qarşılıqlı fəaliyyətdə çox mühüm və perspektivli istiqamətdir. Burada Qərbi Avropa bazarlarını asiyalı istehlakçılarla birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması ən mühüm müştərək layihələrdən biridir. Bu layihənin reallaşdırılması başlayandan bəri ötən il uzunluğu yeddi min kilometrdən çox olan bu marşrut üzrə yükdaşımaların həcmi səkkiz dəfə, cari ilin altı ayı ərzində isə 60 faiz artıb. Gələn il həmin layihə çərçivəsində Bakıdan Rusiya ilə sərhədə qədər yeni dördzolaqlı magistral yol istifadəyə veriləcək. Bu ilin sonuna qədər sərhədyanı Samur çayı üzərindən birgə tikilən körpünün inşası başa çatacaq.
Humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri nümunəvi xarakter daşıyır. Bizim paytaxtımızda Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Humanitar Forum mütəmadi keçirilir. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə qayğıkeş və hörmətli münasibət hamıya məlumdur. Bizim ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır, hər il rus dili olimpiadası keçirilir, 14 dövlət ali məktəbində rus dili kafedraları və rus bölməsi fəaliyyət göstərir. Keçən il 130 mindən çox orta məktəb şagirdi və 25 mindən artıq ali məktəb tələbəsi rus dilində təhsil alıb.
Azərbaycanda çoxminli rusdilli icma var, bu icma ölkəmizin ümumi inkişafına layiqli töhfə verir, çoxsaylı sərgilər keçirilir. Bu il Azərbaycanda Rusiya Mədəniyyəti Günləri keçirilib. Gələn il qarşılıqlı tədbir – Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır”.