Moskvaya səfər edən birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 24-də Dövlət Tretyakov Qalereyasına baş çəkib, 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olub.
AZƏRTAC-ın məlumatına görə, həmin gün Mehriban Əliyeva Rusiyanın TASS agentliyinə, “Rossiya 24” telekanalına və “Rossiyskaya qazeta”ya müsahibə verib.
Səfər noyabrın 21-də, Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşdən başlayıb. Noyabrın 22-də Mehriban Əliyeva prezident Vladimir Putinlə görüşüb. Rusiya prezidenti ali qonağa “Dostluq” ordeni təqdim edib.
Vladimir Putin deyib: “Bu dövlət mükafatı, “Dostluq” ordeni bir tərəfdən sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk”.
Noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi olub. Mərasimdə vitse-prezident Mehriban Əliyeva, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər. Sonra X Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib. Forumda çıxış edən Mehriban Əliyeva deyib ki, regionlararası əməkdaşlıq iki ölkənin münasibətlərinin mühüm tərkib hissəsidir: “Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə iqtisadi əlaqə saxlayır. Regionlararası forumların keçirilməsi yaxşı bir ənənəyə çevrilib və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynayır”.
Birinci vitse-prezidentin sözlərinə görə, iki ölkə arasında çoxcəhətli tərəfdaşlıq praktiki olaraq bütün sahələri əhatə edir: “Möhkəm ikitərəfli müqavilə-hüquqi baza yaradılıb, 200-dən çox sənəd imzalanıb. Hökumətlərarası və parlamentlərarası işçi qruplar münasibətin inkişafına sanballı töhfə verir.
Ticari əlaqələr bizim əməkdaşlığımızın əsas istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas tərəfdaşlarından biridir və bizim qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Artmaqda olan əmtəə dövriyyəsinin inkişafı və şaxələndirilməsi üzrə kompleks tədbirlər həyata keçirilib. Azərbaycan xaricdə özünün ilk ticarət nümayəndəliyini Rusiyada açıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları yaradılıb və uğurla fəaliyyət göstərir. Bizim istehsalçıların müxtəlif regionlara ixrac missiyaları təşkil edilir.
Ticarətdə müsbət dinamika müşahidə edilir. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizdir.
İnvestisiya sahəsində də əməkdaşlığımız genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Eyni zamanda Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb”.
Forum çərçivəsində imzalanmış ikitərəfli sənədlər mübadilə olunub.