Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin jurnalist Sevinc Abbasova (Vaqifqızı) barəsində çıxardığı hökmü ləğv edib.
Binəqədi Rayon Məhkəməsi hökmü bu il avqustun 5-də çıxarmışdı.
Jurnalistə qarşı iddiaçı Bakıdakı 251 saylı orta məktəbin direktor müavini Elmira Alandarovadır. Direktor müavini iddia ərizəsində yazıb ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkisi zamanı Sevinc Vaqifqızının hazırladığı video reportajda onun şərəf və ləyaqəti alçaldılıb. Direktor müavini həmin videosüjetin “Meydan TV” internet televiziyasının Meydan.tv saytından və “Azadlıq” qəzetinin Azadliq.info saytından silinməsini, ondan üzr istənməsini və ona 2500 manat məbləğində təzminat ödənməsini istəyib.
2018-ci ilin prezident seçkisində İlham Əliyev qalib gəlib. Rəsmi məlumata görə, o, səslərin 86 faizindən çoxunu toplayıb. İlham Əliyev 2003-cü ildən Azərbaycanın dövlət başçısıdır.
11 aprel seçkisində Sevinc Vaqifqızı 251 saylı orta məktəbin binasında yerləşən seçki məntəqəsində səsvermənin gedişinə müdaxilələri izləyib. Onun hazırladığı reportajda Elmira Alandarova və bir neçə xanım əks olunub. Reportaj ilk olaraq Meydan.tv saytında “Karuselə nəzarət edən direktor müavini” başlığı ilə yayılıb.
Direktor müavininin iddiasına baxan Binəqədi Rayon Məhkəməsi Elmira Alandarovanın tələblərinin faktiki olaraq heç birini təmin etməyib. Binəqədi məhkəməsinin 2019-cu il avqustun 5-də çıxardığı hökmdə yalnız “Karuselə nəzarət edən direktor müavini” sərlövhəsinin həqiqətə uyğun olmadığı göstərilib.
Qərardan hər iki tərəf apellyasiya şikayəti verib.
Noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi Binəqədi Rayon Məhkəməsinin hökmünü ləğv edib. Apellyasiya instansiyası belə qərara gəlib ki, Sevinc Vaqifqızının reportajında Elmira Alandarovanın şərəf və ləyaqəti alçaldılıb. Buna görə məhkəmə jurnalistin direktor müavinindən üzr istəyib təkzib verməsi və 1000 manat cərimələnməsi haqda hökm çıxarıb.
Hökm elan ediləndən sonra müdafiə tərəfi Ali Məhkəməyə və Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini açıqlayıb.