Sabiq səhiyyə naziri Əli İnsanov qurmaq istədiyi partiyanın adını elan edib: Haqq-Ədalət Partiyası. Noyabrın 24-də partiyanın təşkilat komitəsi yaradılıb. Əli İnsanovun sədrlik etdiyi təşkilat komitəsinə İsfəndiyar Vahabzadə (diplomat, alim), Qalibə Budaqova (Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri), Mirədalət Talışxanov (hüquqşünas), Eyvaz Əliyev (Beyləqan Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini), Oruc Muradov (Ukraynada yaşayan sahibkar), İlqar Quliyev (Azərbaycan Respublikaçılar Partiyasının Sumqayıt təşkilatının sədri), Babək Adıgözəlov (hüquqşünas), Yalçın Qəhrəmanoğlu (Ukraynada yaşayan iqtisadçı, sahibkar), Əfqan Sadıqov (jurnalist, Azel.tv saytının baş redaktoru), Zaur Bayramoğlu (Qarabağ müharibəsi veteranı), Murad Muradov (ictimai fəal), Rəşad Abbaslı (ictimai fəal, təşkilat komitəsinin katibi), Fərrux Binətzadə (hüquqşünas), Murad Quliyev (iqtisadçı, hüquqşünas, ABŞ-da tədqiqatçı) daxildir.
Novator.az bildirir ki, tibb elmləri doktoru olan Əli İnsanov səhiyyə naziri postunu 1993-2005-ci illərdə tutub.
1946-cı ildə Ermənistanda anadan olan Əli İnsanov hakim Yeni Azərbaycan Partiyasının qurucularındandır. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.
2005-ci ilin oktyabr ayında tutulub, iqtisadi cinayətlər ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı ilin avqustunda Əli İnsanova yeni cinayət işi qaldırılıb. İttihama görə, Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsində rejim qaydalarına baxış tədbirləri keçirilərkən Əli İnsanovda psixotrop maddə hesab edilən həblər, cəzaçəkmə müəssisələrində qadağan olunmuş güclü təsiredici dərman vasitəsi aşkar olunub, Penitensiar Xidmətin əməkdaşları protokol tərtib edərkən Əli İnsanov onlara mane olmağa cəhd göstərərək protokolu cırıb, ədliyyə zabitinə zor tətbiq edib və sağlamlığı üçün təhlükəli xəsarətlər yetirib.
2017-ci il aprelin 26-da Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib və sabiq nazirin həbsi 2023-cü ilədək uzadılıb.
2019-cu il martın 17-də sabiq nazir əfv sərəncamı əsasında azadlığa buraxılıb.