Rusiyaya rəsmi səfər edən birinci vitse-prezident Mehriban Əliyeva noyabrın 21-də baş nazir Dmitri Medvedyevlə görüşüb.
Dmitri Medvedyev Mehriban Əliyevanın səfərinin çox yaxşı proqramının olduğunu vurğulayıb: “Buraya bizim danışıqlarımız, Rusiya prezidenti ilə keçirəcəyiniz görüş, Rusiya regionlarının böyük bir hissəsinin iştirak edəcəyi genişmiqyaslı regionlararası forum daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı da çox əlamətdar hadisədir.
Bütün bunlar ölkələrimiz arasında mehriban qonşuluğu, tərəfdaşlığı və dostluğu tam şəkildə əks etdirir. Sizin səfəriniz də bunun əyani təzahürüdür”.
Mehriban Əliyeva Azərbaycanın Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verdiyini deyib: “Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi görüşlər keçirirlər. Bu görüşlər bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir.
Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür.
Mənim səfərim çərçivəsində 10-cu regionlararası forum keçiriləcək. Turizm sahəsində yaxşı göstəricilər var. Rusiyadan bizim ölkəmizə səyahət edən turistlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artması gözlənir”.
Humanitar əlaqələrə toxunan birinci vitse-prezident deyib: “Ölkələrimiz arasında humanitar əlaqələr xüsusən təhsil sahəsində nümunəvidir. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Bizim ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanıb, 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Əlbəttə, ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət var. Moskva Dövlət Universitetinin, 1-ci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu sahədə də böyük potensial mövcuddur”.
Həmin gün Mehriban Əliyeva Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib, “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub.
Novator.az bildirir ki, 1964-cü ildə Bakıda doğulan Mehriban Əliyeva 1988-ci ildə 1-ci Moskva Dövlət Tibb İnstitutunu bitirib. 1992-ci ilədək Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğul olur. Yeni Azərbaycan Partiyası sədrinin müavini, Heydər Əliyev Fondunun prezidentidir. 2005, 2010, 2015-ci illərdə Milli Məclisin deputatı seçilib.
2017-ci il fevralın 21-də birinci vitse-prezident təyin edilib.